Uşaqlar televizora baxsın, ya baxmasın?

İnternetin kəşfindən sonra informasiya operativliyi baxımından bir qədər ləngiyən televizor bütün zamanlarda uşaqlarımızın ən yaxın dostu olub. Amma smart tv-lərin yayılmasından sonra da yaşlı nənə-babamızdan evdar qadına qədər hamımız onunla dostluq edir. Maraqlıdır, müxtəlif serialları, şou proqramları, mətbəx verilişləri ilə bir çox qadının saatlarla qarşısında oturduğu televizorlar uşaqların inkişafına hansı təsiri göstərir?

Amerikalı mütəxəssislər gündə 2 saatdan çox televiziya izləyən uşaqlarda, irəliləyən yaşlarda ruhi problemlərə rast gəlindiyi barədə həyəcan təbili çalır. Maraqlıdır ki, dünya üzrə ən çox televizor izləmə statistikası da məhz bu ölkəyə aiddir. Elə psixi pozgunluqdan və intihara cəhdlərdən də ən çox əziyyət çəkən amerikan cəmiyyətidir.

Televizorun uşaqlar üzərində təsirini araşdıran ABŞ-ın Sietl Uşaq Xəstəxanasının "Televiziya Araşdırma və Məsləhətləşmə Mərkəzi" çox maraqlı nəticələr ortaya çıxardı. Bu araşdırmaya görə, amerikalı bir uşaq 12 yaşına qədər 100 min zorakılıq və şiddət götüntüsü izləyir ki, bu görüntünün də 8 mini cinayət tərkibli olur. Noyabr ayında aparılan başqa bir araşdırmaya görə isə Amerikada məktəbli uşaq həftədə orta hesabla 27 saat televizor izləyir.

Amerikada uşaqlar üçün hazırlanan televiziya proqramlarında saatda 20 şiddət səhnəsi göstərilir. 6 yaşlı amerikalı uşaqların yüzdə 40 faizi, 12 yaşlı amerikalı uşaqların isə yüzdə 80 faizi yetkinlər üçün hazırlanan proqramları izləyir. Nəzərə alsaq ki, hətta uşaq proqramlarında belə saatda 20 zorakılıq səhnəsi olur, o zaman yetkin amerikalı insanlar üçün hazırlanmış proqramların uşaqlar üçün nə qədər təhlükəli olduğunu anlamaq çətin olmaz.

Rusiya Tibb Elmləri Akademiyasının pediatrlarının fikrincə isə, uşaqların gündə 1, ən çox 2 saatdan çox televiziya izləməsi son dərəcə zərərlidir. Əgər buna diqqət edilməzsə, bu vəziyyət uşaqlarda kompensasiyası mümkün olmayan yaralar aça bilər. Çünki çox televiziya izləyən uşaqda aşağıdakı əlamətlər müşahidə edilir:

1. Başqalarının çəkdikləri əzaba və ya çətinliklərə qarşı laqeyd münasibət.

2. Ətraflarına və müxtəlif hadisələrə qarşı səbəbsiz qorxu.

3.Başqalarına qarşı təcavüzkar və ya zərərverici davranışlar və ya buna meyillilik.

4. Davamlı olaraq televizor qarşısında oturduğu üçün çəki artması.

Çıxış yolları var, amma əməl etmək vacibdir

Həm pediatrlar, həm də psixoloqlar valideynlərə kiçik məsləhətlər verməklə problemi yüngülləşdirməyə çalışırlar. Bu da mütəxəssislərin, televiziyanın zərərli təsirlərinin qarşısını alacaq və uşağınızın psixoloji sağlamlığını qurtaracaq tövsiyələri:

• Uşaqların televizor izləmə saatlarını məhdudlaşdırın;

• Onlar üçün yaşlarına uyğun proqramları seçin;

• Uşaqdan öncə mümkünsə proqramı özünüz izləyin;

• Ailəlikcə televiziya izləməyi bir vərdişə çevirin;

• Uşaqlarla barabər siz də onun izlədiyi prorama baxın;

• Proqramı həm ona izah edin, həm də suallarını cavablandırın;

• Həftənin bir gününü "televizorsuz gün" elan edin;

• Mümkün olsa evinizdə televiziya kanallarını açmayın, əvəzində abunə olduğunuz youtube kanallarında seçilmiş cizgi filmləri izləyin.

1-4 yaş arasında olan uşaqlar bir böyüklə birlikdə televiziya izlədikləri zaman bu onlar üçün çox faydalı olur. Uşağa izlədiyi proqram və ya film haqqında məlumat verə bilərsiniz. Bu yaşda olan uşaqlar tez-tez sual verir, çalışın hamısını cavablandırasınız. Onun anlamadığı proqramları izləməsinə icazə verməyin. Uşağın qorxduğu şeyləri yaxşı bilmək lazımdır ki, içərisində belə görüntülər olan proqramları ondan uzaq tutasınız. Bu yaşda uşaqların yarım saatdan çox televiziya izləmələri təhlükəlidir. Uşaq televiziya izlədikdən sonra onu dərhal yatağına yatırtmaq doğru deyil. Uşağın cizgilərin dünyasından real dünyaya geri dönməsi üçün ünsiyyətə ehtiyacı var.

5-12 yaş arası uşaqların özündə şiddət, zorakılıq, qorxu və seks ehtiva edən proqramları izləməmələri laızmdır. Azacıq vaxt sərf etsəniz bu yaşda uşaqların izləyə biləcəkləri proqramları təyin etməniz çətin olmaz. Ancaq o yaşıdlarının izlədiyi proqramlara baxmaq istəsə və bu istəyində israrlı olsa sizin üzərinizə böyük məsuliyyət düşəcək. Belə ki, bu proqramların zərərini, uşaqda yaratdığı fəsadları onun öz dilində anlatmaq lazım gələcək. 5-12 yaş arasında olan uşaqlar üçün ən ideal verilişlər təlim proqramlarıdır. Uşaqlar bu verilişlər sayəsində yeni şeylər öyrənəcək, kağızdan, plastilindən, ağacdan yeni əşyalar hazırlamaq həvəsi yaranacaq. Eyni zamanda, uşaqlar üçün sənədli filmlər də izləyə bilərlər, heyvanlar aləmi barədə zorakılıq, qan və şiddət olmayan filmlər də. Bu yaşlardakı uşaqların 2 saatdan çox televizor izləmələrinə icazə verilməməlidir.

Lalə Mehralı

Bütün xəbərlər Facebook səhifəmizdə