Hazır əriştələri yemək nə dərəcədə düzgündür?-QİDA TEXNOLOQU ŞƏRH ETDİ

Hazır əriştələri yemək nə dərəcədə düzgündür?-QİDA TEXNOLOQU ŞƏRH ETDİ

“Nəzərə alsaq ki, pandemiya əsridir və biz immun sistemimizi riskə ata bilmərik. Ən azından yoluxsaq belə, biz bu xəstəliyi xəstəxanada belə olsa yüngül keçirmək şansımız olsun. Ona görə də immun sistemimizi bərpa etməliyik, bu sistem güclü olmalıdır ki, xəstəliklə mübarizə apara bilək”. Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.

O, qeyd edib ki, biz paket məhsullarından, qablaşdırılmış konserv qidalarından, bu cür tipli makaronlardan uzaq durmalıyıq. “Çox təəssüf ki, gənc nəsil Cənubi Koreya, yapon mətbəxi, suşi və s. kimi məhsullara daha çox önəm verir və bu kimi məhsulların heç bir qida dəyəri yoxdur. Əsasən də, ölkəyə idxal olunan qablaşdırılmış əriştələr ilə konservləşdirilmiş məhsullar burada diqqəti çəkir. Həmin bu əriştələrin hazırlanmasında təbii qatqı maddəsi əvəzinə zərərli, kimyəvi, sintetik qatqı maddələrindən, hansı ki, həmin qidanı oksidləşməyə qoymamaq, dadlandırmaq, rəngləndirmək üçün istifadə olunur. Təbii ki, bu kimyəvi qatqı maddələri əriştə ilə birlikdə mədəmizə daxil olur və orada qalır. Bu da o deməkdir ki, həmin qida orqanizmdə zəhərlənmə halları, diabet, qan-damar sistemi kimi xəstəliklərinin yaranmasına səbəb olur. Cənubi Koreyada 11 min insanın üzərində aparılan araşdırmalara görə, noodle (əriştə) ilə qidalanan insanlarda ürək, qan-damar və şəkərli diabet xəstəlikləri əmələ gəlmişdir. Bu əriştələrin, makaron çeşidlərinin hər birinin tərkibində yumurta var. Yumurta tərkibli qidalar nəmişliyə davamlı deyil. Qidanın saxlanma şəraiti pis olduqda həmin qidadın daxilində kiflənmə əmələ gəlir. Ümumiyyətlə, çox vaxt marketlərdə rəflənmə düzgün olmur, otaq temperaturu, nisbi rütubət nəzərə alınmır və məhsul daxildən kiflənməyə başlayır. Daxildən kiflənən məhsulu isə gözlə görmək olmur və həmin məhsulu qəbul etdikdə insan orqanizmi kimyəvi zəhərlənməyə məruz qalır. Bunun üçün də xüsusilə gənclər çox diqqətli olmalıdır. Marketdən hazır yeməkləri, qablaşdırılmış, konservləşdirilmiş, kimyəvi qatqı maddəsi ilə zəngin olan məhsulları yeyib immun sistemini zəiflətməkdənsə, orqanik məhsullara üstünlük vermələri tövsiyə olunur. Məsələn insanlar işə gəldikdə boş karbohidrat olan əriştələr istehlak etməkdənsə, bir qab meyvə yesələr daha faydalı olar. Çünki bir qab meyvədə olan vitamin və minerallar həmin o əriştələrin tərkibində yoxdur. İnsanlar bu kimi qidalara verilən pula ən azından hər meyvədən və ya tərəvəzdən bir ədəd alıb yesələr, bu, onlar üçün daha faydalı olar”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə