İki doza vaksini qəbul etdikdən sonra... - Həkimdən AÇIQLAMA

“Bir ildən artıqdır ki, dünyanın başına bəla olan COVID-19-la bütün bəşəriyyət mübarizə aparır. Pandemiya bütün iqtidasi prosesləri tormozlamaqla, yanaşı, cəmiyyət həyatının bütün sahələrinə mənfi təsir edir, insan təlafatına səbəb olur. Azərbaycanın səhiyyə strukturları bu sahədə geniş səfərbərlik tədbirləri həyata keçirib. Bununla yanaşı, səhiyyə sistemində çalışan bütün əməkdaşlarımızın üzərinə çox böyük yük düşür”. SİA xəbər verir ki, bunu açıqlamasında 1saylı Kliniki Tibbi Mərkəzin Terapiya şöbəsinin həkimi Jalə İbrahimova söyləyib.

Həkimin sözlərinə görə, pandemiyaya qalib gəlmək, kollektiv immunitet yaratmaq üçün bu gün yeganə effektiv vasitə vaksinasiyadır: “Azərbaycanda Çinin SinoVaC şirkətinin hazırladığı vaksin tətbiq edilir. Bu vaksinlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qeydə alınıb və istifadəsinə icazə verilib. Dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda tətbiq edilir. SinoVac vaksininin Azərbaycanda tətbiqinə yanvarın 18-də başlansa da, Çində artıq iyul ayından tətbiq olunur. Vaksin ilk növbədə, ağır risk qrupuna aid olan şəxslərə vurulmuş və heç bir ciddi mənfi təsir müşahidə edilməmişdir. Çox nadir hallarda az yorğunluq, halsızlıq kimi hallar qeydə alınıb. Əlbəttə ki, vaksinasiya prosesi bütün ölkələrdə olduğu kimi Azərbaycanda da mərhələli şəkildə həyata keçirilir. İlk növbədə xəstə ilə birbaşa təmasda olan tibb işçiləri peyvənd olunur. Daha sonra 65 yaşdan yuxarı şəxslərə vaksin vurulmağa başlandı. Çünki həmin yaş qrupunda olan şəxslərdə immunitet zəifləyir və yoluxma riski yüksəkdir. Digər mərhələlərdə isə xroniki xəstəliyi olanlar və digər yaş qrupları üzrə bu proses həyata keçiriləcək. Kəskin infeksion xəstəlikləri, xroniki infeksiyaları, autoimmun xəstəlikləri, allergik xəstəlikləri, onkoloji xəstəliyi, immunodefisit vəziyyətlər və qan sisteminin bir sıra xəstəlikləri olan şəxləslərə vaksin vurdurmaq məsləhət deyil”.

Virusa yoluxmuş şəxslər 6 aydan sonra vaksin olunmalıdır

Mütəxəssis qeyd edib ki, virusa yoluxmuş şəxslər 6 aydan sonra vaksin olunmalıdır: “Çünki yaranmış immunitet 6 aya qədər davam edir. Yaxşı olar ki, vaksinasiyadan əvvəl qanda antitellər yoxlanılsın və nəticəyə uyğun vaksinasiya aparılsın. Bəzən əhali arasında arxayınlıq hissi olur ki, vaksin olunandan sonra heç nə etmək lazım deyil. Vaksindən sonra 4-6 həftə ərzində insanda immunitet yaranır. Pandemiya hələ bitmədiyinə görə biz yenə də üç əsas qoruyucu tədbiri davam etdirməliyik - tibbi maskadan istifadə, sosial məsafəni gözləmək və gigiyenik qaydalara riayət etmək”.

Həmsöhbətimiz vaksinlər əleyhinə aparılan təbliğatlardan da söz açıb: “Bir çox mənbələr COVID-19 əleyhinə peyvəndlər haqqında mənfi informasiyalar yayaraq, vaksinlərə qarşı insanlarda fobiya yaradırlar. Lakin bunlar hamısı əsassızdır. Vaksin bizim gələcəyimizin sığortasıdır və ən önəmli preventiv tədbirdir".

Ekspert peyvənd olunmasından da bəhs edib: “Vaksinasiyanın başladığı ilk günlərdə peyvəndin birinci dozasını qəbul etmişəm. İkinci dozanı isə fevralın 28-də qəbul edəcəyəm. Heç bir yan təsir də hiss etməməmişəm. Həmçinin, ətrafımda olan həkimlər, tibbi işçiləri də peyvənd olunub. Heç birində əlavə yan təsir müşahidə edilməyib. Məsləhət görərdim ki, vaksinasiya olunaq. Mütəxəssis kimi, insanlara tövsiyəm budur ki, hər birimiz koronavirusla mübarizədə şüurlu şəkildə vaksin strategiyasına uyğun olaraq dövlətimizə yardımçı olaq və yaş qruplarına müvafiq mütəşəkkil formada vaksinasiya prosesində iştirak edək. İki doza vaksini qəbul etdikdən sonra insanlarda dayanıqlı immunitet formalaşacaq. Biz “dəmir yumruq“ devizi ilə 30 illik həsrətə son qoydugumuz kimi, həmrəyliklə bu pandemiyaya da qalib gələcəyik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə