COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan modeli öyrənilir

COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan modeli öyrənilir

Müasir dünyamızı əhatə edən, milyonlarla insanın ağır virusa yoluxmasına, yüzminlərlə insanın ölümünə səbəb olan COVİD-19 pandemiyası ölkələrin ağır iqtisadi, sosial böhranlarla üzləşməsinə səbəb olub. Təbii ki, bu gün koronavirus infeksiyası (COVID-19) bütün dünyada yaşayan insanları narahat edir. Təəssüflər olsun ki, dünyada genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, vəziyyəti hələ də tam sabitləşdirmək mümkün olmayıb. Yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası Yer kürəsini, eləcə də ölkəmizin vətəndaşlarının sağlamlığını təhlükə altına aldığı bir zamanda Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli iradəsi və təşəbbüskarlığı sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atıldı.

Dövlət başçısının "Biz birlikdə güclüyük!" çağırışı xalqımızı pandemiyaya qarşı mübarizədə həmrəyliyə səslədi. Ölkəmiz çətin bir zamanda Vətən müharibəsində bir cəbhədə, koronovirusla digər bir cəbhədə döyüşməli oldu. Bu gün artıq Azərbaycan bir cəbhədən qalib xalq olaraq çıxıb və Zəfərin yazıb. Ali Baş Komandan, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin müdrik siyəsəti, xalq-iqtidar birliyi nəticəsində Zəfər tariximizi yazdıq.

"ARTIQ ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATI "AZƏRBAYCAN MODELİ" HAQQINDA DANIŞIR…"

Dünyanın ən güclü ölkələri belə koronavirus pandemiyasının qarşısında çarəsiz qaldığı halda, dövlət başçısının tapşırığı və sərəncamları ilə təxirəsalınmaz tədbirlər həyata keçirildi və bu davamlıdır. Azərbaycanın həyata keçirdiyi tədbirlər beynəlxalq səviyyədə qiymətini almış oldu. Azərbaycan modeli dünyada öyrənilməyə başlanıldı. Ümumdünya Səhiyyə Təşkilatı buna biganə qala bilmədi. Dövlət başçısını vurğuladığı kimi, "Artıq Ümumdünya Səhiyyə Təşkilatı "Azərbaycan modeli" haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Eyni zamanda, bu yaxınlarda mənə verilən məlumata görə, dünyanın aparıcı rəy sorğusu şirkəti olan "Gallup" da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir. Yəni, həm beynəlxalq təşkilatlar, bu sahədə aparıcı təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı, həm də ölkə əhalisi bizim fəaliyyətimizi yüksək qiymətləndirir".

"BİZ VƏZİYYƏTİ BÜTÜN DÖVRLƏRDƏ, YƏNİ, BU BİR İL ƏRZİNDƏ NƏZARƏTDƏ SAXLAMAĞI BACARMIŞIQ"

Ölkəmizdə 40-dan artıq xəstəxanada koronavirus xəstələrinə yer ayrıldı. Bu xəstəxanalar Bakıda və regionlarda fəaliyyət göstərir, onlar ən müasir avadanlıqlarla təmin ediliblər. Azərbaycan Prezident İlham Əliyev çıxışların birində bildirdiyi kimi, "Biz vəziyyəti bütün dövrlərdə, yəni, bu bir il ərzində nəzarətdə saxlamağı bacarmışıq. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər və bunu biz keçiririk. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Yəni, bu, çox böyük rəqəmdir".

Onu da bildirək ki, pandemiya dövründə modul tipli xəstəxanaların quraşdırılması da önəmli amillərdəndir. Modul tipli 13 xəstəxananın quraşdırılması xəstəliklə mübarizədə əhəmiyyətli rol oynadı. Dövlətimiz həkim çatışmazlığı ilə bağlı problemləri vaxtında həll edərək Türkiyə, Rusiya, İtaliya və Çindən həkim briqadalarının Azərbaycana gətirilməsini təmin etdi.

"BİZ ARTIQ 4 MİLYON DOZ VAKSİN SİFARİŞ ETMİŞİK VƏ ONLARIN ARTIQ AZƏRBAYCANA GƏLMƏSİ TƏMİN EDİLİB"

Dövlət başçısı tərəfindən pandemiya ilə mübarizədə sistemli tədbirlərin həyata keçirilməsi öz bəhrəsin verir və müsbət dinamika müşahidə olunur. Son günlər yoluxma sayının aşağı düşməsi bunu deməyə əsas verir. Belə ki, son həftələr koronavirus infeksiyasından sağalanların sayında müsbət dinamika hər kəsi sevindirir. Həm ölüm sayları, həm də yeni yoluxma halları azalıb. Bu, hökumətin gördüyü tədbirlərin səmərəliliyini, həm də insanların tələb olunan qaydalara riayət etdiyini göstərir. Bunun davamı olması əhəmiyyətlidir. Ölkəmizdə son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasına gündəlik yoluxma sayının 4 rəqəmlidən 3 və ya 2 rəqəmliyə düşməsi tətbiq edilən məhdudiyyətlərin və vətəndaşların qaydalara məsuliyyətli yanaşmasının nəticəsində mümkün oldu. Amma bu virusun tədricən tamamilə yox olması deyil. Pandemiyanın tamamilə aradan qaldırılması üçün kütləvi immunitetin formalaşması lazımdır və vaksinasiya qaçılmazdır. Artıq Azərbaycanda vaksinasiya prosesinə ötən yanvarın 18-dən başlanılıb və mərhələli şəkildə həyata keçirilir. Bir çox insanlar könüllü şəkildə müraciət edərək peyvənd olunurlar. Ötən müddət ərzində ilkin olaraq tibb işçiləri peyvənd olunub. Fevralın 1-dən isə yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiyasına start verilib. Vaksinlərin bir qismi ölkəmizə gətirilib.

Cənab İlham Əliyev bildirib ki, biz artıq 4 milyon doz vaksin sifariş etmişik və onların artıq Azərbaycana gəlməsi təmin edilib, Çin istehsalı olan vaksinlər: "Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün deyə bilərəm ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni, bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar, əlbəttə ki, bu, vaksinasiya sahəsində də bizim səmərəli işimizin təzahürüdür".

Bu gün ölkəmizdə mərhələli şəkildə təsirli tədbirlər həyata keçirilir və vəziyyət nəzarət altındadır. Epidemioloji vəziyyət dəyərləndirilir, vəziyyətə uyğun olaraq da addımlar atılır və ölkəmizdə yumşaldılma tədbirləri həyata keçirilir. Tədris müəssisələrinin, müəyyən sahələrin fəaliyyəti artıq bərpa olunub. Etiraf edək ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda vəziyyət yaxşıdır.

Fevralın 1-dən başlayaraq yumşalmadan sonra hər bir vətəndaş bu müsbət dinamikanı qoruyub saxlamaqda məsuliyyətlidir. Bütün qurumlar, müəssisələr, obyektlər hazırlanmış təlimatlara riayət etməlidirlər. Məsuliyətsizlik, biganəlik, sanitar qaydalara əməl etməmə yoluxma sayının yenidən artmasına səbəb ola bilər.

Vətəndaşlar mövcud qaydalara əməl etməli, mütləq şəkildə tibbi maskalardan istifadə etməli, sosial məsafəni gözləməli və dezinfeksiyaedici vasitələrdən mütəmadi istifadəni unutmamalıdırlar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə