Rəşad Mahmudov koronavirusa qarşı ən optimal mübarizədən danışdı ÜÇ VACİB MƏQAM

Tibb elmləri doktoru: “Üç vacib məqamı riayət edən cəmiyyətlər bu pandemiya ilə mübarizədə minimum itki ilə vəziyyətdən çıxacaqlar”

Koronavirus pandemiyasının növbəti dalğası dünyaya meydan oxumağa davam edir. Dünyanın səhiyyə və əczaçılıq mərkəzləri bəşəriyyət üçün ölüm kabusuna çevrilmiş COVİD-19-a qarşı ən optimal mübarizənin daha effektli şəkildə aparılması istiqamətində sözün əsl mənasında gecəli-gündüzlü işlər aparırlar. Məqsəd, daha böyük fəlakətlərin qarşısını almaqdır. Bəs koronavirusdan qorunmaq üçün ilkin tədbirlər necə olmalıdır? Bizləri sözün əsl mənasında daban-dabana izləyən COVİD-19-un qarşısında sədd çəkmək üçün daha hansı üsullara əl atmalıyıq? Nəyi etməli, nəyi etməməliyik? Bax, bu sualla bizi düşündürərkən dərhal həkimlərə, səhiyyə mütəxəssislərinə müraciət edib, zamanında addımlar atmalıyıq. SİA mövzu ilə bağlı ürək-damar cərrahı, Tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudovla əlaqə saxlayıb, müvafiq tövsiyələrini öyrənib.

“COVİD-19 müalicəsində ən əsas 3 təhlükəli vəziyyət hökm sürür”

Yeri gəlmişkən, Rəşad həkim də koronavirusa yoluxaraq sağalan həkimlərimiz sırasında yer alıb. Məhz bu amil də onun verəcəyi tövsiyələrinin mühümlüyünü, əhəmiyyətini əks etdirməkdədir.

“Fürsətdən istifadə edib, diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün dünyamızda və eləcə də ölkəmizdə COVİD-19 müalicəsində ən əsas 3 təhlükəli vəziyyət hökm sürür”, deyə qeyd edən Rəşad Mahmudov onları bu cür sıralayıb:

1. Kontrol edilməyən qorxu və stres;

2. Oksigen saturasiyası 90 faizin altına düşmədən, sadəcə qripal simptomlara görə insanların xəstəxanaya yerləşdirilməsi üçün axın etməsi;

3. Antiviral preparatların vaxtında qəbul edilməməsi və ya onların yerinə lazımsız (antibiotik) və təhlükəli (deksametazon) preparatların ilk günlərdə qəbul edilməyə başlanılması.

Məhz bu faktorları önə sürən Tibb üzrə elmlər doktoru insanları üç əsas məsələyə riayət etməyə çağırmaqla məqamları tam səhihliyi ilə nəzərə çatdırıb.

“Qripə yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın”

“Əmin olun ki, bu üç vacib məqamı dərk edib, ona riayət edən cəmiyyətlər bu pandemiya ilə mübarizədə minimum itki ilə vəziyyətdən çıxacaqlar”, deyə Rəşad Mahmudov vurğulayıb və son olaraq bütün insanlara sağlam və təhlükəsiz həyat arzulayıb, yoluxduğu zaman müalicəsini ən sadə üsulla apardığını bildirib: “Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm. Mən, ağciyər tutulması ilə evdə sadəcə doğru dərman (ağızdan antiviral həb, vitamin C və parasetamol gəbulu) yataq istirahəti və zamanı istifadə edərək müalicə olundum. Arzum isə budur ki, qripə yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə