Dərman qutusuna hansı dərmanlar yığılmalıdır?

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin rəisi, təcili yardım həkimi Rəna Qasımova “Dərman qutusuna hansı dərmanlar yığılmalıdır?” sualını cavablandırıb.

Yəqin ki, hər birinizin ailəsində dərman qutusu var. Bəs indiki dövrdə, soyuqdəymələrin, respirator xəstəliklərin tüğyan etdiyi bir dövrdə evdəki dərman qutusunu necə yığmaq lazımdır ki, hər hansı xəstəlik sizi qəfil yaxaladıqda, zəruri dərmanlar əl altında olsun? Hər kəs evində çoxlu miqdarda dərman preparatları saxlayır. Bir çoxları ehtiyat üçün boğaz və hərarət salan spreylər və həblər alıb yığır.

Digərləri isə ancaq xəstələndikdə dərman alırlar. Lakin evdə dərman qutusunun olması çox vacibdir. Xəstəlik elə qəfil gələ bilər ki, aptekə getməyə vaxt tapa bilməzsiniz, ona görə də əl altında olan dərmanlardan istifadə edə bilərsiniz. Evdə saxladığınız dərmanların hamısı bir qutuda cəmləşməlidir. Hər şeydən əvvəl, dərman qutusuna yığılan dərmanların hamısının saxlama müddətinə baxmaq lazımdır, müddəti keçmiş dərmanları mütləq qutudan çıxarıb atmaq vacibdir.

Sonra növbə nə vaxtsa xəstələndiyiniz və müalicə aldığınız dərmanlarındır. Axı siz onlardan daha istifadə etmirsiniz. Onları saxlamağın mənası yoxdur. Dərman qutusunda yerə qənaət etmək üçün lazımsız kiçik qutular və təlimatları ata bilərsiniz. Belə ki, onları lazım gəldikdə internetdən çox asanlıqla tapa bilərsiniz.İndi gəlin görək, dərmanları qutuya necə yığaq ki, lazım olduqda onları rahat tapa bilək.

Dərman qutusunda dərman preparatlarını 2 kateqoriya üzrə yığmaq lazımdır: növünə görə: həbləri ayrıca, suspenziyaları ayrıca, məlhəmləri ayrıca və s. Funksiyasına görə: ağrıkəsicilər ayrıca, öskürəkdən ötrü ayrıca, ürək-damar xəstəlikləri üçün ayrıca və s. Daha rahat ikinci kateqoriyadır. Bu kateqoriya üzrə dərmanları yığarkən əvvəl ağrıkəsiciləri, temperatur salanları və iltihabı aradan qaldıran preparatları düzün.

Bunlarla yanaşı respirator xəstəliklərə qarşı olan dərmanları da düzmək olar. Sonra ürək-damar xəstəlikləri zamanı istifadə olunan dərmanları yığın. Bunlar hamımızın tanış olduğu Korvalol, Valerian, Valokordin , Nitroqliserin, Kaptoprildir. İlk yardım kimi bu preparatlar əvəzolunmazdır. Bunlara mütləq naşatır spirti də əlavə edin. Təzyiq üçün dərmanlar da bu qutuda yer almalıdır.

Yaxşı olar ki, dərman qutusunda mədə-bağırsaq pozuntuları zamanı istifadə olunan dərmanlar da olsun. Dərman qutusunda vacib materiallara isə tənzifdən olan sarğı materialları, yod məhlulu, spirt, steril bintlər, pambıq, termometr, tonometr, şpris, əlcəklər və pipetkalar aiddir.

Mazlar, dəmləmələr soyuducuda ayrıca plastmas qutuda saxlanılmalıdır.

Dərman qutusundakı bütün dərmanlar vaxtaşırı yoxlanılmalı, istifadə müddəti keçmiş preparatlar qutudan xaric edilməlidir. Dərman qutusu uşaqlardan uzaq olmalı, adətən qaranlıq, quru, temperaturu⠀25°-qədər temperatur olan rahat bir yerdə saxlanılmalıdır. Bu yer mətbəx, iş otağı, yataq otağı, eyvan və s. ola bilər. Lakin hamam otağında bu qutuya yer yoxdur, belə ki, buradakı rütubət dərmanların xarab olmasına səbəb ola bilər.

(012) 404-08-08

Bakı, K.Kazımzadə, 118

#RənaQasımova #Təciliyardımhəkimi

#Həkimməsləhəti #rubrika #dərmanqutusu

#MərkəziGömrükHospitalı #CentralCustomsHospital

Bütün xəbərlər Facebook səhifəmizdə