“Azərbaycan qlobal miqyasda mühüm söz sahibidir“ - ŞƏRH OLUNDU

“Prezident İlham Əliyevin Misirdə keçirilən yüksək səviyyəli beynəlxalq toplantıya dəvət olunması Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və onun qlobal siyasi proseslərdə mühüm rol oynamasının göstəricisidir. Tədbirə dünyanın aparıcı dövlətlərinin rəhbərləri, o cümlədən ABŞ prezidenti Donald Tramp və ev sahibi Misir prezidenti tərəfindən azsaylı dövlət başçıları sırasında Azərbaycan Prezidentinin dəvət edilməsi ölkəmizin beynəlxalq arenada strateji tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. Bu dəvət, sadəcə diplomatik jest deyil, Azərbaycanın regional və qlobal miqyasda sülh və təhlükəsizlik məsələlərində mühüm töhfə vermək potensialının etirafıdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, Prezident İlham Əliyevin beynəlxalq münasibətlərdə artan nüfuzu, onun balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursunun nəticəsidir: “Xüsusilə yaxın şərq regionunda mövcud münaqişələrin həllində Azərbaycanın obyektiv və etimad doğuran mövqeyi ölkəmizi bu istiqamətdə mühüm vasitəçi dövlətlərdən birinə çevirir. Azərbaycan həm İsrail, həm də Fələstin dövlətləri ilə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan diplomatik münasibətlər saxlayır. Bu amil Prezident İlham Əliyevin Qəzza məsələsinin müzakirə olunduğu toplantıya dəvət olunmasının əsas səbəblərindən biridir. Münaqişə tərəflərinin hər ikisinin Azərbaycana və onun rəhbərinə etimad göstərməsi ölkəmizin beynəlxalq aləmdə obyektiv mövqe tutduğunun göstəricisidir. Bununla yanaşı, son dövrlərdə Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə fəal iştirakı da diqqətçəkicidir. Qısa zaman kəsiyində - cəmi 13 gün ərzində dövlət başçısının Danimarkada keçirilən Avropa Siyasi Birliyi toplantısında, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə, Tacikistanda MDB dövlət başçılarının sammitində və nəhayət ABŞ-ın təşəbbüsü ilə keçirilən Qəzza məsələsinə dair məsləhətləşmələrdə iştirakı Azərbaycanın diplomatik çevikliyini və beynəlxalq təsir gücünü nümayiş etdirir.

Bu faktlar göstərir ki, Azərbaycan artıq yalnız regional deyil, həm də qlobal miqyasda mühüm söz sahibidir. Prezident İlham Əliyevin ardıcıl və prinsipial siyasəti nəticəsində ölkəmiz beynəlxalq təşkilatlarda etibarlı tərəfdaş kimi tanınır, onun fikirlərinə və təşəbbüslərinə hörmətlə yanaşılır. Beləliklə, Misirdə keçirilən toplantıda Azərbaycan Prezidentinin iştirakı dövlətimizin beynəlxalq nüfuzunun daha da möhkəmləndiyini, onun dünya siyasətində fəal iştirak edən, dialoq və sülhün tərəfdarı olan bir ölkə kimi qəbul edildiyini sübut edir. Bu, həm Azərbaycanın xarici siyasətinin uğurudur, həm də ölkənin qlobal səviyyədə artan siyasi çəkisinin təzahürüdür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə