"Azərbaycan Liderinə sammit boyu dərin hörmət göstərildiyinin şahidi olduq' - ŞƏRH EDİLDİ
"ABŞ prezidenti Donald Trampın himayə etdiyi sülh sazişi Misirin Şarm əl-Şeyx şəhərində imzalandı. Sülh sazişində heç bir zaman konkret qrafik göstərilməsə də, bütün bunların nə vaxt baş verəcəyi məlum olmasa da, şübhəsiz ki, bu hadisə tarixi əhəmiyyətə malikdir. İlkin anlamda bu, Qəzzada yaşanan insanlıq dramı ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, Tramp administrasiyasının Misirlə münasibətləri də Qəzzaya görə gərginləşmişdi: "Misir Prezidenti Əbdülfəttah əs-Sissi bu ilin əvvəlində Vaşinqtona səfər etməyi planlaşdırmışdı, lakin prezident Trampın “Qəzza Rivierası” sxemini açıqlamasından sonra bu səfəri dayandırdı və əlaqələr minimum səviyyədə qaldı. Trampın Misirə səfəri isə bu münasibətlərin yenidən qurulmasına imkan yaradır. Misirin Qırmızı dəniz sahilindəki kurort şəhəri Şarm əl-Şeyxdə keçirilən sammitin məqsədi Qəzzada əldə olunmuş atəşkəs rejimini dəstəkləmək, İsrail-Həmas münaqişəsinə son qoymaq və dağıdılmış Fələstin ərazisinin idarə olunması və yenidən qurulması üçün uzunmüddətli baxışın formalaşdırılmasıdır. Toplantı, Trampın müharibəyə son qoymaq vizyonunu dəstəkləmək və beynəlxalq birliyi bir araya gətirmək üçün təşkil olunub.
Sammitin həmsədri Misir lideri Əbdülfəttah əs-Sissi Trampa bildirib ki, “yalnız siz” regiona sülh gətirə bilərsiniz. Tramp isə çıxışında Yaxın Şərqdə yeni harmoniya dövrünün başlanmalı olduğunu vurğulayıb və regionda “köhnə ədavətləri və acı nifrətləri arxada qoymaq üçün həyatda bir dəfə şansın” olduğunu bildirib. O, liderləri “gələcəyimizi keçmiş nəsillərin döyüşləri ilə idarə etməyəcəyimizi bəyan etməyə” çağırıb.
Sülh prosesində Misir, Qətər və Türkiyənin iştirakı, Trampın münaqişənin həllinin kollektiv səylə təmin olunmasını hədəfləyən siyasətinə uyğundur. Tramp həm nəticə, həm də təhlükəsizlik zəmanəti almaq üçün müttəfiqlərinə ümid edir və bu işdə etibar etdiyi aktorlara söykənir. Bu prosesdə Azərbaycanın önə çıxdığı müşahidə olunur. Tramp dəfələrlə Azərbaycan Liderinə dönərək “O, çox güclü liderdir, öz işini çox yaxşı görür” ifadəsini səsləndirib.
Azərbaycanın işğal və müharibədən dağıdılmış Qarabağı yenidən bərpa etmək təcrübəsi var və bu təcrübə Qəzzada da istifadə oluna bilər. Azərbaycan quruculuq işində artıq Yaxın Şərqdədir. Suriyaya Türkiyə vasitəsilə qazın nəql olunması buna əyani sübutdur. Müzakirələr həm də demilitarizasiya, sabitləşdirmə addımları və yanlış ideologiyaların zərərsizləşdirilməsini əhatə edir ki, Azərbaycanın vizyonu bu məsələlərdə örnək rolunu oynaya bilər. Azərbaycan həm öz milli təhlükəsizlik maraqlarını qətiyyətlə qoruyur, həm də dünya üzrə təhlükəsizlik arxitekturasının formalaşmasına yaxından töhfə verir.
Azərbaycan Liderinə sammit boyu dərin hörmət göstərildiyinin şahidi olduq. Dövlət başçımızın iştirak etdiyi və dəvət olunduğu hər platformada yüksək ehtiramla qarşılanması, Onun vizyonundan faydalanmaq istəyi bir daha sübut edir ki, Müzəffər Ali Baş Komandanımız Azərbaycanı qlobal arenada hər keçən gün daha da gücləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə