"Füzulinin azad olunması Ermənistan ordusunun "yenilməzlik” mifini darmadağın etdi" - MÜNASİBƏT BİLDİRİLDİ
Vaxt var idi ki, xalqımız 30 ilə yaxın müddətdə şəhərlərimizin və kəndlərimizin Ermənistan tərəfindən işğalı günlərini böyük acı ilə qeyd edirdi. Ancaq artıq beş ildir ki, torpaqlarımızın işğalçıların tapdağı altından azad edilməsi günlərini böyük qürur və sevinc hissi ilə qeyd edirik. Onlardan biri də Füzuli şəhəridir. 2020-ci ilin oktyabrın 17-də Füzuli şəhərinin erməni işğalçılarından azad edilməsi Qarabağ probleminin həllində və ölkəmizin ərazi bütövlüyünün bərpasında mühüm bir dönüş nöqtəsi oldu. Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Deputat xatırladıb ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur: "Heç kəsə sirr deyil ki, 30 il ərzində Ermənistan silahlı qüvvələri təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Lakin elə olmadı. Azərbaycan Ordusunun əsgər və zabitləri, igid Vətən oğulları Füzulini qısa müddətdə sahibinə qaytarmağı bacardı. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin peşəkar hərbi əməliyyatla hədəfə irəlilədiyini, sözün əsl mənasında, XXI əsrin müharibəsini apardığını təsdiqləyir. Füzulinin azad olunması Azərbaycan Ordusunun, cəmiyyətimizin özünə inamını daha da artırdı. Bu hadisə Ermənistan hərbi-siyasi rəhbərliyinin isterika vəziyyətinə düşməsinə səbəb olmuş, işğalçı ölkənin təcavüzkar silahlı qüvvələrinin "yenilməzlik” mifini darmadağın etdi. Füzulinin azad edilməsi ilə həm də Azərbaycan Ordusunun Şuşaya və digər işğal altında olan torpaqlara doğru böyük zəfər yürüşünün yeni mərhələsi başlandı”.
Parlamentari qeyd edib ki, dövlət başçısı İlham Əliyev tərəfindən Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığı da yüksək qiymətləndirilib: "Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 25325 hərbçimiz "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bundan başqa, dövlətimizin başçısının 2023-cü ilin iyulun 31-də imzaladığı sərəncamla da hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir”.
Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan xalqının milli ruhu, birliyi və dövlətimizin güclü iqtisadi potensialı Füzulini qısa zamanda yenidən dirçəldir, onu müasir və abad bir şəhərə çevirir: “Cənab Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi, dəqiq planlaşdırılmış tapşırıq və göstərişləri əsasında hazırda Füzuli rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yaşayış massivləri, sosial infrastruktur, məktəblər, xəstəxanalar, yollar, sənaye parkları salınır. Ən əsası isə, uzun illər doğma torpaqlarından didərgin düşmüş füzulililərin yurd həsrətinə son qoyulur. İnsanlarımızın öz ata-baba yurdlarına qayıdışı təmin olunur. Bu proses davamlı xarakter daşıyır və əminliklə demək olar ki, yaxın illərdə Füzuli regionun ən inkişaf etmiş, ən gözəl şəhərlərindən birinə çevriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə