Malayziyanın ən böyük xəbər agentliyi olan BERNAMA dövlət informasiya agentliyi İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans barədə xəbər yayıb. BERNAMA tərəfdaşı olduğu SİA-ya istinadla yazır ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, komissiyasının sədri general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Qeyd olunub ki, Əli Nağıyev Dövlət Komissiyasında 3 min 990 nəfərin itkin şəxs kimi qeydiyyata alındığını, bu vaxtadək işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqlarının müəyyən olunaraq ekshumasiya edildiyini, 2025-ci ilin oktyabrın 1-nə olan məlumata əsasən, 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq işğaldan azad edilmiş ərazilərdən götürüldüyünü vurğulayıb.
Xəbərdə qeyd olunub ki, konfransda İkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bomberger, Beynəlxalq Humanitar Hüquq İnstitutunun prezidenti, general-leytenant Giorgio Battisti, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri, İtkin düşmüş şəxslərin qalıqlarının tapılması və ötürülməsi üzrə Qurumlararası Komissiyanın rəhbəri Tea Axvlediani, Türkiyənin ədliyyə nazirinin müavini Hurşit Yıldırım və digərləri konfransda çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə