"Seroloji testlərlə bağlı müraciətlərə müsbət yanaşanlar çoxdur" ÖZƏL - AÇIQLAMA
"Seroloji testlərin keçirilməsi ilə bağlı müraciətlərə müsbət yanaşanlar çoxdur və razılıq verənlər var. Hələ ki, bizim zənglərimiz davam edir". Bu sözləri SİA-ya açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, infeksionist və həkim-mütəxəssis Nəzrin Mustafayeva seroloji testlərin aparılması prosesinin hazırkı gedişatından danışarkən deyib.
Onun sözlərinə görə, nə qədər şəxsdən test götürüldüyü ilə bağlı yekun nəticələr yalnız layihə bitəndən sonra açıqlanacaq: "Hazırda könüllü müraciət yoxdur. Bizim tərəfimizdən proqram vasitəsilə təsadüfi seçilən şəxslərə müraciət olunur. Yaş aralığını nəzərə alsaq, 18-65 yaş arasında olan şəxslər seçilir".
Mütəxəssis bildirib ki, seroloji testlərin əhali arasında təsadüfilik prinsipinə əsasən aparılması layihəsinə artıq start verilib və proqram vasitəsilə seçilən şəxslərə zənglər olunur və layihədə iştirak üçün dəvət edilir:
"Bu layihənin əsas məqsədi əhali arasında immun cavabını yoxlamaqdır, çünki, xəstələrin böyük əksəriyyəti xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirmiş olurlar. Onlar özləri də xəbərsiz olaraq bu xəstəliyi keçirmiş və sağalmış ola bilərlər. Buna baxmayaraq, virus orqanizmdə immun cisimciklərin formalaşmasına səbəb olur ki, bu da həmin seroloji testlər vasitəsilə aşkarlana bilir. Bu çox önəmli bir məqamdır və həmin şəxslərin özü üçün də maraqlı bir məlumatdır. Çünki, indiyə qədər şəxsən mənə həkim olaraq, dəfələrlə bu haqda müraciət olunub, insanlar bilmək istəyirlər ki, xəstəliyi gizlicə keçiriblərmi. Çünki, xəstəlik 81 faiz halda ya yüngül simptomlarla keçir, ya da ümumiyyətlə simptomsuz olur".
Nəzrin Mustafayevə əlavə edib ki, testlərdə könüllü olacaq şəxslərə şans yaranır ki, onlar xəstəliyi keçirib-keçirmədiklərini öyrənsinlər:
"Müayinə vətəndaşlar üçün tamamilə pulsuzdur və prosesə qoşulan əhali bununla yanaşı, həm də ödənişsiz ümumi qan analizi vermək imkanı əldə edəcək, həm də əhali bu xəstəliyi keçirib sağaldıqlarını öyrənəcək, yaxud biləcək ki, qanında hazırda immunitet yoxdur, o bu virusu keçirməyib.
Bir çox xarici ölkədə bu test strategiyası həyata keçirilib və onlar da əhalinin immunlaşma dərəcəsini öyrəniblər. Tutaq ki, ölkədə bizim PZR (yaxma) testlər vasitəsilə aşkarladığımız pozitiv xəstələrimiz 30 min nəfərdir, lakin, onlardan əlavə, xəstəliyi keçirib sağalanlar da ola bilər, bizim bundan xəbərimiz yoxdur, onların miqdarının nə qədər olmasını müəyyən etmək lazımdır".
İnfeksionist qeyd edib ki, analizlər zamanı əlavə olaraq 26 parametrdən ibarət qanın ümümi analizi də həmin şəxslərə ödənişsiz şəkildə həyata keçirilə bilər:
"Bu da eyni müayinəyə daxildir. Seroloji tədqiqatlar növbəti dövr ərzində strategiyamızın müəyyən olunmasına kömək olacaq. Öyrənilməlidir ki, əhalinin hansı hissəsi bu virusu keçirib, yoxsa insanlar bu virusa qarşı hələ də həssasdır. Bu, çox vacibdir".
Qeyd edək ki, bu testlər özü də ödənişsizdir, cəmi 3-5 milliqram qan verməklə insan özü haqqında, öz immun sistemi, bu xəstəliyi keçirib-keçirmədiyi barədə informasiya əldə etmiş olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB