Tütündən istifadə qeyri-infeksion xəstəliklərə zəmin yaradır
Ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindəndir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini daha da gücləndirmək üçün möhkəm zəmin yaradıb.Bu gün ölkəmizdə sosial sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, dövlət büdcəsi təsdiq olunarkən, sosialyönümlülük prioritet olaraq qalır. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda aparılan siyasətin mərkəzində, məhz insan amili dayanır. İnsan həyatı və sağlamlığına zərbə vura biləcək halların qarşısı ciddi şəkildə alınır. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da qeyri-infeksion xəstəliklərin son illər ərzində xəstələnmə və ölüm strukturunda payı artmışdır. Bunu nəzərə alaraq, həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində qeyri-infeksion xəstəliklər üzrə mübarizə səhiyyə sistemlərinin və ümumiyyətlə, dövlətin prioritet vəzifələrindən birinə çevrilmişdir. Qeyri-infeksion xəstəliklərə yol açan amillərdən biri də, insan orqanizminə zərərli təsir göstərən tütündən istifadədir. Bütün dünyada xəstəliklərin inkişafının risk faktoruna görə, tütün dördüncü pillədədir. Müəyyən olunmuşdur ki, tütün tüstüsündə 4000 zərərli kimyəvi maddə var. Tədqiqatlar göstərir ki, ölkəmizdə kişilərin təxminən 50%-i tütündən istifadə edir, onların əksəriyyətində (93%-də) belə istifadə gündəlik xarakter daşıyır. Ümumdünya Səhiyyə Təşkilatına üzv olan dövlətlər tütün epidemiyasına qarşı mübarizəyə dünyanın diqqətini çəkmək məqsədilə, 1987-ci ildə Ümumdünya Tütünlə Mübarizə Gününü təsis etmişlər. Həmin vaxtdan 31 may bir sıra ölkələrdə, eləcə də, Azərbaycanda Ümumdünya Tütündən İmtina Günü kimi qeyd olunur. Rəsmi statistikaya görə, hər il dünyada 6 milyon insan ölümü, məhz tütün məhsullarının səbəb olduğu xəstəliklər nəticəsində baş verir. Bu gün məktəb yaşlı və yeniyetmə uşaqlar arasında da bu ziyanlı vərdişə yoluxanların sayı sürətlə artır. 1999-cu ilin statistikasına görə, ölkəmizdə kişilərin arasında tütündən istifadə 30,2 faiz olmuşdursa, 2006-cı ildə Azərbaycanda keçirilmiş demoqrafiya və sağlamlıq sorğusunun nəticələrinə görə, 15-49 yaş arasında bu zərərli vərdişin aludəçiləri 49 faiz təşkil etmişdir. Bunu nəzərə alaraq, Azərbaycan Respublikası 2005-ci il sentyabrın 20-də "Tütünə qarşı mübarizə haqqında" Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasına qoşulmaq barədə qanun qəbul etmiş və bununla da, üzərinə bir çox öhdəliklər götürmüşdür. Həmin öhdəliklərin həyata keçirilməsində bir çox dövlət qurumlarının böyük rolu var.Strategiyada göstərilir ki, dünyada hər il təxminən 6 milyon, o cümlədən, tütün çəkən 5,4 milyon və tütün tüstüsünün təsirinə ikinci məruz qalan 600 min insan tütünlə bağlı səbəblərdən dünyasını dəyişir. Problemin həlli məqsədilə ÜST tərəfindən 2000-ci ildən başlayaraq, bir neçə mühüm sənəd, o cümlədən, QİX-in qarşısının alınması və onlara nəzarət üzrə Qlobal Strategiya qəbul olunmuşdur. ÜST-in Avropa üzrə Regional Komitəsinin 2011-ci il sentyabrın 12-15-də Bakıda keçirilən 61-ci sessiyasında 2012-2016-cı illər üçün QİX-in qarşısının alınması və onlara nəzarət üzrə Avropa Strategiyasının icrasına dair Fəaliyyət Planı qəbul olunmuşdur. 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının keçirdiyi yüksək səviyyəli görüşdə qəbul edilmiş siyasi bəyannaməni nəzərə alaraq, 2013-2020-ci illər üçün QİX-in qarşısının alınması və bu xəstəliklərə nəzarət üzrə ÜST-in Qlobal Fəaliyyət Planı təsdiq edilmişdir.Bu tədbirlər əhalinin sağlamlığının və rifahının daha çox yüksəldilməsi məqsədi daşıyır.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB