Arzu Əhmədova: "Şəhərlərdə göz xəstəlikləri daha çox yayılıb" MÜSAHİBƏ
Sumqayıtdakı 2 Nömrəli Poliklinika şəhərin qədim tibb ocaqlarından biridir. Bu poliklinika ilə mənim əlaqələrimin tarixi çox qədimdir. Çünki şəhərin bu tibb ocağına uzun illər yaxın dostlarımdan biri Taləddin Verdiyev rəhbərlik edib. Təkcə mən və ailə üzvlərim yox, uzun illər rəhbərlik etdiyim Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının kollektivi də həmişə bu tibb ocağına müraciət edib. Burada çalışan həkimlər və tibb işçiləri də əllərindən gələni ediblər ki, onların sağlamlıq durumu yerində olsun. Ona görə də bura mənə çox doğma və əzizidir. Taləddin həkimin Sumqayıtda tibb sahəsində xidmətləri çox olub.
Artıq bir ildən çoxdur ki, bu Poliklinikaya tanınmış göz həkimi, öz peşəsinin yüksək dərəcəli mütəxəssisi Arzu Əhmədova rəhbərlik edir. Bu, əlbəttə, kollektivin də ürəyincə olub. Çünki öz həmkarlarının məhz bu Polikliniyaya rəhbərlik etməsi və bir-birini yarım sözdən başa düşməsi işin də xeyrinədir. Arzu həkimin ürəyinin genişliyini mən baş həkimi əvəz etdiyi ilk günlərdə gördüm. Belə ki, Sumqayıt Telekommunikasiya sahəsində 50 ildən çox çalışmış 94 yaşlı Valentina Vasilyevna Qroznova ağır xəstə idi. Ölümlə üz-üzə qalmışdı. Oğlu və həm də mənim dostum Viktorla məsləhətləşdik ki, Arzu xanımla görüşüb, Valentina xanımın vəziyyətini ona izah edək. Məni diqqətlə dinləyən Arzu həkim elə həmin gün həkim briqadası yaratdı və onlar Valentina Vasilyevnanı nəzarətə götürdülər. Demək olar ki, beş ay onu müalicə etdilər. Artıq Valentina xanımın sağlamlıq durumu qaydasındadır. Amma həkimlər yenə də ona baş çəkir və sağlamlığı ilə maraqlanırlar. Bu, mənim üçün və onun övladları üçün də çox xoşdur. Arzu həkimin kabinetində olduğum vaxt ona bu diqqətinə, qayğısına görə bir daha öz təşəkkürümü bildirirəm. Onun isə sözü belə oldu: “Bizə təşəkkür etməyə lüzum yoxdur. Çünki bu, bir həkim kimi bizim borcumuzdur. Arzumuz budur ki, təki insanlarımız həmişə sağlam olsunlar və bizə xəstə kimi yox, elə dost-tanış kimi müraciət etsinlər. Çünki sağlamlıq, dünyada insan üçün ən müqəddəs nemətdir”. Doğrudan da necə də xoş arzudur. Təki insanlarımız həmişə sağlam olsunlar.
Arzu Tofiq qızı Əhmədova 1963-ci ildə Sumqayıt şəhərində ziyalı ailəsində dünyaya gəlib. Uşaqlıq və gənclik illəri Bakı şəhərində keçib. Bakı şəhərinin Nəriman Nərimanov rayonundakı 45 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib və Azərbaycan Dövlər Tibb Universitetində təhsil alıb. Ailə həyatı qurandan sonra yenidən Sumqayıt şəhərinə qayıdıb. İlk iş yeri Sumqayıt şəhər Oftolmoloji Xəstəxanada olub. Sonra bir müddət akademik Zərifə Əliyeva adına Göz Xəstəxanasında təcrübə mübadiləsi keçib. 2008-ci ilə kimi burada çalışıb və sonra öz işini Sumqayıt şəhər 2 Nömrəli Poliklinikada göz həkimi kimi davam etdirib. 2016-cı ilin aprel ayından artıq bu Poliklinanın baş həkimi vəzifəsini icra edir. Bir ildən artıq bu vəzifədə çalışan Arzu həkim burada böyük işlər görüb. Kollektiv arasında əvvəlki mehribançılığı, birliyi bərpa eləyib.
Poliklinikada böyük təmir işləri gedir. Yenə də əvvəlki illərdə olduğu kimi xəstələr bu Poliklinikaya daha çox müraciət edirlər. Çünki doğrudan da burada çalışan həkimlərin demək olar ki, hamısı öz peşələrinin yüksək biliciləri, mütəxəssisləridir. Nevropotoloq Nazim Merdiyev, kardioloq Xatirə Səfərova, həkim Nəbi Abdullayev və onldrca başqaları sumqayıtlıların ən çox inandıqları həkimlərdəndir. Bu poliklinikanın laboratoriyası bütün şəhərə xidmət edir. Çünki burada Kəbirə xanım Hüseynova başda olmaqla və onun ətrafında çalışan insanlar öz işlərinin peşəkar mütəxəssisləridirlər.
- Siz Göz Xəstəxanasında və burada həkim kimi işlədiyiniz müddətdə çoxlu xəstələriniz olub və var. Göz, müasir həyatımızda insanın sağlamlığında bu gün ən problemli sahələrdən biridir. Çünki texnikanın belə inkişaf etməsi, mobil telefonlardan və kompüterlərdən insanların daha çox istifadə etməsi onların gözlərində böyük problemlər yaradır. Necə etmək olar ki, insanlar göz problemlərindən qurtara bilsinlər?
- Aqillər deyiblər ki, “göz qəlbin aynasıdır”. Mən isə deyirəm ki, göz, insan sağlamlığını bütövlükdə özündə əks etdirir. Aqillər belə də deyib ki, “sağlam gözlə, sağlam düşüncə ilə dünyaya baxan insanlar daha çox şeyi görürlər və daha çox şey qazana bilirlər”. Biz bilirik ki, insanların kənar mühitdən məlumatın demək olar ki, 90 faizini göz vasitəsilə alır. Göz insanın mənəvi həyatında böyük rol oynayır. Ona görə də gözləri qorumaq lazımdır və vacibdir. İndiki zamanda bir valideyn və mütəxəssis kimi demək istəyirəm, çoxumuz onunla fərəhlənirik ki, övladlarımız, nəvələrimiz 3-4 yaşından yazmağı, oxumağı bacarırlar. Eləcə də həmin yaşda bir oyuncaq ki, mobil telefonu onlara veririk ki, orada hansısa bir oyun oynasınlar və ya cizgi filminə baxsınlar. Əslində mən bunun tam əlehinəyəm. Çünki bu yaşda uşaqların gözünü yormaq olmaz. Zaman keçdikcə bu uşaqlara pis təsir edir və onların gözlərində problemlər yaradır. Göz xəstəliklərinin artmasının bir səbəbi də urbanizasiyadır. Yəni insanların şəhərə axın etməsidir. Şəhər mühitində yaşayan insanlarda məchul nöqtəyə daha çox baxdıqlarından göz xəcəstəlikləri daha çox olur. Göz, Ulu Tanrı tərəfindən yaranıb ki, insanlar daha çox uzaqlara baxsınlar. Uzaq məsafəyə baxanda gözlərdə yorğunluq az olur. Şəhərdə isə uzaq məsafəyə baxmaq çox vaxt mümkün olmur. Amma kənd yerlərində insanlar daha uzaq məsafələrə baxmaqla gözlərinin yorğunluğunu çıxara bilirlər. Məhz buna görə də sivil ölkələrdə insanlar daha xırda şəhərlərdə, kəndlərdə yaşamağa çox üstünlük verirlər. Sivil ölkələrdə şəhərdə yaşayanlar da ən azından həftədə heç olmasa iki gün təbiət qoynuna çıxırlar ki, həm sağlamlıqlarının və həm də gözlərinin problemini həll etsinlər.
İdman insan sağlamlığın ən vacib sahələrindən biridir. Çox sevindirici haldır ki, Azərbaycanın bütün bölgələrində Olimpiya mərkəzləri tikilib. Ölkəmizdə Prezidentimiz və vitse prezidentimiz tərəfindən idmana daha çox önəm verilir. Bu da ölkə başçımız tərəfindən insanlarımızın sağlamlığını daha çox düşünməsindən irəli gəlir. Mənim məsləhətim budur ki, valideynlərimiz uşaqlarını lap körpə yaşlarından mobil telefonlara, kompüterə cəlb etməkdənsə idmana daha çox cəlb etsinlər. Onda onların uşaqları daha sağlam və gümrah böyüyər. Mən demirəm ki, övladlarımız elmdən uzaqlaşsınlar. Sadəcə hər şeyin öz vaxtı var. Atalarımız da deyir ki, “sağlam bədəndə sağlam ruh olar”. Buna əməl edən valideynlər daha çox şey qazanırlar.
- Göz xəstəliklərini sağaltmaq üçün siz hansı metoddan istifadə edirsiniz?
- Xəstə həkimə müraciət edəndə, hökmən xəstə ilə həkimin arasında bir disloq olmalıdır. Həkim xəstənin işindən, həyat tərzindən, ailə şəraitindən, xəstəliyin yaranmasından başlamış hər şeylə diqqətlə maraqlanmalıdır. Mənə müraciət edən xəstələrdən ilk öncə soruşuram ki, “ kimya müəssisələrdində işləmisinizmi?”. Əgər onlar kimya müəssisələrində işləyibsə artıq bilirəm ki, belə xəstələri necə sağaltmaq olar. Cavan və uşaqlara isə ilk sualım belə olur. “Kompüterlə, telefonla onların təması necədir və hansı iş şəraitində işləyirlər”. Ümumiyyətlə həkim, hökmən bu məsələlərə vaxt sərf etməlidir və xəstə ilə təmas qurmalıdır ki, xəstəliyin yaranma səbəblərini dəqiq müəyyənləşdirə bilsin. Çünki belə informasiyaları almaqla həkim həm xəstənin xarakterini öyrənir və həm də xəstəliklə bağlı lazım olan məlumatları əldə edə bilir. Bununla da artıq xəstəyə dəqiq diaqnoz qoymaq olur. Bizim Poliklinikanın həkimləri demək olar ki, hamısı belə işləyir.
- Bu poliklinika həmişə Sumqayıtın ən aparıcı tibb ocaqlarından biri olub. Əvvəlki uğurları qoruyub saxlamaq üçün indi hansı işləri görürsünüz?
- Bəli, bu tibb ocağı Sumqayıtın ilk poliklinikalarında biridir. Bizim çox savadlı, xəstələrə həmişə diqqətlə yanaşan və onların sağalması üçün əllərindən gələni edən mehriban kollektivimiz var. Bizim poliklinikanın ərazisində bu şəhərdə rəhbər vəzifədə işləyənlər, ziyalılar, internasional ailələr daha çox yaşayır. Həm də bu ərazidə çoxlu məktəblər, kolleclər və başqa dövlət müəssisələri daha çoxdur. Ona görə də bizə müraciət edən xəstələr başqa tibb ocaqlarına nisbətən də daha çoxluq təşkil edir. Biz də çalışırıq ki, onlara daha çox diqqətcil olaq ki, həmişə bizdən razı qalsınlar. Mənə elə gəlir ki, biz öz işimizin öhdəsindən layiqincə gəlirik. Çünki bizə müraciət edənlərin sayının günü-gündən artması buna bariz sübutdur.
- Siz, Sumqayıtda doğulubsunuz və həyatınızı, əmək fəaliyyətinizi bu şəhərə hər edibsiniz. Bir ziyalı və insanların sağlamlığı keşiyində duran həkim kimi, axır vaxtlar bu şəhərdə görülən işlərə münasibətiniz necədir?
- Çox maraqlı sualdır. Həqiqətən bu şəhər mənə çox doğmadır. Axırıncı illərdə isə burada görülən abadlıq, quruculuq işləri bu şəhəri mənə daha çox sevdirib. Çünki əvvəllər bu şəhərdə demək olar ki, istirahət etmək və əylənmək üçün yerlər az idi. Biz, çox vaxt məcbur olurduq ki, Bakı bulvarına gedək. Amma indi çox sevindirici haldır ki, Sumqayıtda belə yaraşıqlı bulvar kompleksi yaradılıb. İndı bizim Bakıda yaşayan qohumlarımız dincəlmək, istirahət etmək üçün Sumqayıta gəlirlər. Onlar həqiqətən bu bulvarda olan şəraitdən, buradakı xidmətdən zövq alırlar. Artıq bu şəhərin girişindən başlayaraq, bütün gözəlliklər adamı öz qoynuna alır. Məgər bizim üçün bundan da böyük sevinc ola bilərmi? Adi bir misal deyim. Mənim nəvəmin 5 yaşı var. Onlar Bakıda yaşayır. Qızımgil bizə gəlmişdilər. Nəvəmi aparıb dəniz kənarındakı bulvarda gəzdirdik və uşaq oyunları, əyləncə mərkəzlərində oldu. Uşaq valideyinlərinə dedi ki, çox sağ olun ki, məni Sumqayıta gətirdiniz və bu gözəllikləri gördüm. Məgər baba və nənə üçün bundan böyük sevinc ola bilərmi? Bax bu da hörmətli Zakir Fərəcovun böyük xidmətinin nəticəsidir. Sumqayıt təkcə günü-gündən yox, elə bil ki, saatbasaat gözəlləşir. Biz, sumqayıtlılar da bundan qürür duyuruq. Mən inanıram ki, tezliklə bu şəhər daha da gözəlləşəcək və sumqayıtlılar istirahət etmək üçün heç bir xarici ölkəyə getməyəcəklər. Eləcə də bura gələn xarici qonaqlar bu şəhərdən çox böyük təəssüratlarla qayıdacaqlar. Sumqayıt tezliklə təkcə sənaye şəhəri yox, həm də böyük turist şəhəri olacaq. İndi biz, bundan sonra böyük sevinclə, istəklə sumqayıtlı olmağımızla fəxr edə biləcəyik.

Ağalar İDRİSOĞLU
Əməkdar İncəsənət Xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB