Telesəhiyyə xidməti vasitəsilə 147 xəstəyə məsləhətlər verilib YENİLİK

Telesəhiyyə xidməti vasitəsilə 147 xəstəyə məsləhətlər verilib YENİLİK

“Səhiyyə Nazirliyi cari ilin fevral ayından Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (SN TTTYS) telesəhiyyə sisteminin tətbiqinə başlayıb. Bu müddət ərzində artıq 147 xəstəyə məsafədən məsləhətlər verilib ki, bu da konsultativ xidmət göstərilmiş 389 pasiyentdən 37 faizini təşkil edib”. SİA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SN TTTYS) baş həkimi Mirələm Cəlalov jurnalistlərə açıqlamasında deyib.

Telesəhiyyənin tətbiqi nəticəsində Bakıya xəstə köçürmələrinin sayının azaldığını deyən baş həkim bildirib ki, çağırışların 30-40 faizini telesəhiyyə yolu ilə həll etmək mümkün olub: “Lakin biz bununla kifayətlənmirik. Telesəhiyyənin digər sahələrdə də tətbiqi nəzərdə tutulur”.

M. Cəlalov qeyd edib ki, telesəhiyyənin tətbiqində əsas məqsəd xəstələrə vaxtında yardım etməkdir: “Bakıdan hər hansı mütəxəssisinin hansısa rayona getməsi vaxt itkisi idi. Lakin yeni sistemlə buna ehtiyac qalmır, sistem vasitəsilə xəstələrə vaxtında ilkin yardım etmək mümkün olur. Bu çox mühümdür. Çünki, vaxtında edilən yardım xəstənin sonrakı müalicə mərhələsi üçün önəmlidir”.

Baş həkim söyləyib ki, telesəhiyyə vasitəsilə hətta cərrahiyyə prosesini də izləmək mümkündür: “Bundan əlavə, bölgələrdə hər hansı xəstəyə bir neçə mütəxəssis lazım olduqda sistem vasitəsilə video konfrans təşkil edilir və xəstə ona lazım olan həkimlərin məsləhətini ala bilir. Buna görə də artıq Azərbaycanda bütün mərkəzi rayon xəstəxanalarında telesəhiyyə sistemi tətbiq edilib”.

Qeyd edək ki, telesəhiyyə məsafədən real vaxtda canlı olaraq xəstəyə baxıb öz tövsiyələrini birbaşa vermək imkanıdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə