"Müharibə olsa, Azərbaycan həmin dərman zavodundan istifadə edəcək" AÇIQLAMA

"Müharibə olsa, Azərbaycan həmin dərman zavodundan istifadə edəcək" AÇIQLAMA

"Azərbaycan-Rusiya birgə əczaçılıq zavodunun təməlinin qoyulması dərman sahəsində əlamətdar hadisədir. Zavodun işə düşməsi ölkəmizdə bir çox problemləri həll edəcək, Azərbaycan əhalisinin keyfiyyətli, əlçatan və daim nəzarətdə olan dərman vasitələri ilə təminatına müsbət təsir göstərəcək". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev deyib.

O bildirib ki, ölkəmizin dərman istehsal etməsi, bir sıra xarici şirkətlərdən asılılığımızı aradan qaldırmağa xidmət edəcək: "Əczaçılıq zavodunun tikilməsi həmin şirkətlərin ölkəmizə münasibətdə qiymət siyasətinə yenidən baxmasına da səbəb olacaq. Bundan əlavə, Azərbaycanda dərmanların keyfiyyətinə daim dövlət nəzarəti yüksək səviyyədə nəzarət olunacaq və rəqabət qabiliyyətlilik yarandığı üçün ölkəmizə idxal olunan dərmanların qiyməti aşağı düşəcək. Digər tərəfdən həmin dərman zavodu ilə yanaşı müəyyən tibb ləvazimatları da istehsal edəcək ki, bu da müharibə şəraitində olan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, müharibə genişləndiyi təqdirdə Azərbaycan orada istehsal olunan dərman və tibb ləvazimatları ilə təmin olunacaq".

Dərman zavodunun tikilməsinin digər üstün cəhətlərindən danışan millət vəkili söyləyib ki, Azərbaycan bununla dərman idxalçısı ölkəsindən dərman ixracatçısına çevrilə bilər: "Dərman zavodu ölkəmizə xarici valyuta axını üçün geniş imkanlar yaradacaq. Eyni zamanda bu sahənin mütəxəssislərinin işlə təmin olunması və daha yüksək kvalifikasiyalı kadrların yetiməsinə şərait yaranacaq. Bu baxımdan Azərbaycan-Rusiya birgə əczaçılıq zavodunun ölkəmizdə tikilməsini dövlətimizin, vətəndaşlarımızın dərman təminatı sahəsində aparılan siyasətinin uğurlu addımı hesab etmək olar".

"Bildiyiniz kimi biz icbari tibbi sığorta sisteminə keçirik və bunun mühüm şərtlərindən biri sığorta paketinin tərkibinə dərman müalicəsi vasitələrinin qiymətinin də daxil olmasıdır. Yəni vətəndaşlar həmin sığorta paketi daxilində dərmanları da pulsuz almaq imkanlarına malik olacaqlar. Bununla həm sığorta təbabəti inkişaf edəcək, həm də Azərbaycan dərmanının satışı yaxşılaşacaq ki, bu da bizim valyutanın xaricə axınının qarşısını alacaq. Ümumiyyətlə, zavodun tikilməsi Azərbaycan üçün hərtərəfli faydalıdır. Belə ki, ölkəmiz təbii dərman bitkiləri ilə zəngindir və yerli dərman istehsalı həmin bitkilərinin uzun müddət istifadəsiz qalmasının qarşısını almış olacaq. Kənd yerlərində yaşayanlar dərman bitkilərini yığıb həmin zavoda təqdim etməklə öz məşğulluğunu təmin edə biləcəklər. Bitki əsaslı dərmanlar, kimyəvi dərmanlardan həm keyfiyyətinə, həm də orqanizmə müsbət təsirlərlərinə görə dünyada yüksək qiymətləndirilir. Belə olan da əczaçılıq zavodunun tikilməsi bizim təbii imkanlarımızdan istifadə etməyə geniş imkanlar yaradacaq"- deyə, M. Quliyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə