Son günlər səhiyyə sahəsində baş verən bir çox neqativ hallar var ki, bundan da bəzi "mətbuat işçiləri" özlərinə sərf edəcək səviyyədə məharətlə istifadə edirlər. Düzdür bir xəstənin sağ ayaq əvəzinə sol ayağının kəsilməsi faktı bir jurnalist və vətəndaş olaraq məni də cox sarsıtdı. Hesab edirəm ki, belələrinə qarşı bütün cəmiyyət amansız olmalıdır. Lalin bu o demək deyil ki, bir həkim səhlənkarlığı bütün səhiyyəmizin bərbad olması deməkdir. Necə deyərlər "qurunun oduna yaş da yanır". Belə səhiyyə müəssisələrindən biri də Zaqatala Rayon Mərkəzi Xəstəxanasıdır (RMX).
Belə ki, Zaqatala rayonu mərkəzi xəstəxanası və sözügedən müəssisənin baş həkimi Leyla Seyidəliyeva da bir qrup işbazların nişangahına tuş gəlib. Zaqatala RMX-n ən səs-küylü xəbəri olan, bir çox mətbu orqanlarda və demək olar ki bütün sosial şəbəkələrdə adı hallanan körpə Laçınov Səlim Seyfullah oğlunun ölüm səbəbini aydınlaşdırmaq üçün xəstəxanada olduq. Səlimi əməliyyat edən cərrahla da görüşdük. Həkim Elşən Məmmədov xəstə haqqında bizə geniş məlumat verdi: "Xəstə Laçınov Səlim 22 iyun axşam saatlarında xəstəxanamıza bağırsaq keçməzliyi ilə qəbul olunub. Biz, baxmayaraq ki, xəstənin vəziyyəti ağır idi bir çox prosedurları etdik. Əgər xəstəni qəbul etməsəydik yolda keçinə bilərdi. Axşam xəstə biraz yaxşılaşsada səhərə yaxın vəziyyəti ağırlaşdı. Biz xəstəni əməliyyat da etdik, ölüm səbəbini ekspertizadan da öyrənə bilərsiniz, yəni burada həkim səhvindən söhbət getmir".

Biz xəstəxanada olduğumuz vaxtda bir çox xəstə və onların qohumları ilə söhbət etdik. İlk müsahibimiz Abbasova Xacay Ömər qızı oldu. Bu xəstənin bir ayağının olmadığını görüb onunla daha çox söhbət etdik: "Mən Göyəm kəndindənəm, 62 yaşım var, şəkər xəstəsiyəm. Bir ildən çoxdur ki, xəstəxanalardayam. Həkimim Bəxtiyar doktordur. Hamısı xalat geyindiyi üçün kimin hansı vəzifədə işləməsindən bixəbərəm. Azər doktor mənə oğul qədər doğmadır, hər gün mənə baş çəkir, dərdimi soruşur, bu günlərdə bilmişəm ki, cərrahiyyə şöbəsinin müdiridir. Ümumiyyətlə, bu xəstəxananın baş həkimi Leyla xanım da cox səmimi, gülərüzdür. Əsas odur ki, biz xəstələrlə çox yaxşı davranır, qayğımıza qalırlar. Bəlkə də gördüyünüz xəstələr arasında ən uzun müddətli yatan mənəm. Təmizliyi isə siz özünüz gözünüzlə gördünüz, mən paytaxtda da bir neçə xəstəxanada müalicə almışam. İnanın ki, bu xəstəxanadakı səliqə-səhmanı, xəstəyə yanaşmanı mən heç yerdə görməmişəm. Bütün bunların hamısı Leyla xanım baş həkim təyin olunandan sonra yaradılıb. Mən yaşlı anayam, bir ayağım burada bir ayağım o dünyada, heç kimdən nə qorxacağım, nə dəki çəkinəcəyim var amma adam gərək danışanda vicdanla danışsın. Mən təkcə özümə qarşı deyil, bir çox xəstələrə qarşı münasibəti görəndən sonra belə qənaətə gəldim ki, Zaqatala MRX-da olan xidmət heç yerdə yoxdur".
Növbəti müsahibimiz 22-i yaşlı Yuxarı Tala kənd sakini Osmanova Gülnarə Əli qızı oldu: "Məni gecə saatlarında xəstəxanaya gətiriblər. Hamilə olduğum üçün əvvəlcə doğum, sonra isə məcburən cərrahiyyə şöbəsinə gətirilmişəm. Körpəmin dünyaya sağ-salamat gəlməsində şöbə müdiri Azər doktorun çox böyük əməyi var. Bilirsinizmi özümü çox xöşbəxt sayıram. "Qeysəriyyə" əməliyyat olunmağıma baxmayaraq daha heç bir ağrım qalmayıb. Burada mənə hamı qayğı ilə yanaşır, bu da məni çox sevindirir. Biz burada müalicə alarkən baş həkim Leyla Seyidəliyevanın mehriban kollektiv yaratdığının şahidi olduq".

Növbəti bir palataya girən zaman xəstə Vahid Şabanovla rastlaşdıq. Mətbuat işçisi olduğumuzu bilən kimi danışmağa başladı: "Mənim mədəmdə qanaxma olduğu üçün müalicə alıram. Burada çox mehriban bir kollektiv biz xəstələrə xidmət göstərir. Bu qadını görürsünüzmü Mədinə Hacıyevadır, buraların təmizlik işlərinə baxır. Görürsünüz ki, hər yer gül-çiçək, təmizlikdir. Bu işlərin belə vəziyyətdə olması təkcə şöbə müdiri Azər doktorun və yaxud mənim həkimim Hacı doktorun, yaxud da baş həkimin xidməti deyildir. Leyla xanımın rəhbərliyi altında çalışan gözəl bir kollektivin əl işləridir".
Biz xəstəxanada olarkən bir çox xəstə və onların yaxınları ilə söhbətləşdik. Cərrahiyyə şöbəsinin müdiri Azər Salmanovun peşəkar cərrah olduğunu, Hacı Əlixanovun, Müşviq Məmmədovun yaxşı cərrah olduqlarını məhz xəstələrin dilindən eşitdik. Atalar yaxşı deyib "Görünən dağa nə bələdçi". Biz son vaxtlar hər bir vasitə ilə Zaqatala RMX-a qara yaxmaq istəyənlərə, öz gözümüzlə gördüklərimizi və xəstələrin dilindən eşitdiklərimizi yazmaqla cavab verdik.
Gördüklərimizdən belə qənaətə gəlmək olar ki, Zaqatala səhiyyəsi bu gün həm də regionda özünəməxsus yüksək keyfiyyətli xidmət göstərməsi ilə də seçilir.
Əlmaniz Ələkbərli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB