Astarada ilk dəfə böyrək köçürülmə əməliyyatı aparılıb

Astarada ilk dəfə böyrək köçürülmə əməliyyatı aparılıb

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsi və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 16-dan başlayaraq Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi aksiya keçirilir. SİA-nın Cənub bürosunun məlumatına görə, oktyabrın 29-da humanitar aksiya çərçivəsində Astara Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə böyrək transplantasiyası kimi mürəkkəb əməliyyat icra olunub.

Astara rayonunun Kijabə qəsəbə sakini 1988 təvəllüdlü, xroniki böyrək çatışmazlığıdan əziyyət çəkən Babayeva Vüsalə Elşad qızına- anası 1966-cı il təvəllüdlü Qənbərova Nazilə Əyyub qızından götürülmüş böyrək uğurla köçürülüb. Hazırda xəstəxananın reanimasiya şöbəsində olan ana və qızının vəziyyətinin yaxşı olduğu bildirilir.

Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsinin müdiri, həkim briqadasının rəhbəri, tibb elmləri üzrə fəlsəfə doktoru Mir Cəlal Kazımi bildirib ki, əməliyyatdan əvvəlki hazırlıqlar-uyğunluq testləri aparıldıqdan sonra xəstənin əməliyyat olunmasına qərar verilib. 4 saata yaxın davam edən əməliyyat uğurlu keçib.

Aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının və Respublika Diaqnostika Mərkəzinin həkim briqadaları tərəfindən Astara şəhərində, rayonun qəsəbə və kəndlərində 800 nəfərə yaxın insan tibbi müayinədən keçib, bir neçə əməliyyat icra olunub.

Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsinin həkim briqadası tərəfindən Cəlilabad, Quba, Qəbələ, Şamaxı, Şirvan və Naxçvan şəhərlərində də böyrək transplantasiyası əməlliyyatları həyata keçirilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə