Amerikanın ürək mütəxəssisləri Azərbaycanda

Amerikanın ürək mütəxəssisləri Azərbaycanda

Respublika Müalicəvi Diaqnostika Mərkəzində peşəkar lisenziyalaşdırılmış Amerika Ürək Assosiasiyasının ("American Heart Association") təlimlərinə start verilib. SİA-nın məlumatına görə, təlimlər iki istiqamətdə təşkil olunub: təxirəsalınmaz ilk yardım ("Basic Life Support") və təkmilləşdirilmiş təxirəsalınmaz kardioloji yardım ("Advanced Cardiovascular Life Support").

Təlimlərdə tibbi təhsili olan şəxslərlə yanaşı qeyri tibb sektorunun nümayəndələri də qatıla bilər. Onlara peşəkar tibbi yardımdan öncə ilkin yardımın göstərilməsi (BLS təlimləri) tədris olunacaq.

Müxtəlif ixtisaslı həkimlərə təkmilləşdirilmiş kardioloji yardımın göstərilməsinə yönəlmiş ACLS təlimlərində ölkə səhiyyəsində çalışan təcili tibbi yardımın əməkdaşları, travmatoloq, reanimatoloq, kardioloq və s. mütəxəssislər iştirak edirlər. Nəzəriyyə və təcrübəni əhatə edən təlimlər Azərbaycan, ingilis və rus dillərində keçirilir. Təxirəsalınmaz ilk yardım təlimi 1 gün, təkmilləşdirilmiş təxirəsalınmaz kardioloji yardım təlimi isə 2 gün davam edir.

Təlimi bitirənlərə Amerika Ürək Assosiasiyasının bütün dünyada tanınan və qəbul edilən sertifikatı təqdim olunacaq. Təlimlər zamanı müasir avadanlıqdan və dünyada tanınan "Laerdal" şirkətinin xüsusi təlim manekenlərindən istifadə olunur. Manekenlər süni ağ ciyər, ürək-damar sistemləri və bir neçə xüsusi cihazlarla təchiz olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə