Azərbaycanda 120-dən çox böyrək köçürülüb

Azərbaycanda 120-dən çox böyrək köçürülüb

"Son 3 ildə Azərbaycanda 120-dən çox böyrək köçürülüb". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın hemodializ şöbəsinin müdiri Fariz Babayev bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda təxminən 10 mindən artıq xəstə xroniki böyrək çatışmazlığından əziyyət çəkir: "2006-ci ildə Azərbaycanda 431 xəstə dövlət hesabına hemodializ müalicəsi qəbul edirdisə, indi bu rəqəm 2300-dən çoxdur. Onların hamısı tam dövlət hesabına hemodializlə təmin olunur. Xəstələrin birinin müalicəsi üçün bir il müddətində 15000 manat məbləğində vəsait tələb olunur. Ölkədə ən kiçik yaşlı xəstə 6, ən yaşlı isə 83 yaşındadır. Son 6-7 il ərzində Bakıda və regionlarda 27 hemodializ mərkəzi istifadəyə verilib, Sumqayıt və Yevlax şəhərlərində yeni hemodializ mərkəzləri açılıb. Bu isə hər mərkəzdə 150-dən artıq xəstənin dövlət hesabına müalicə alması deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə