"Tiktok məsləhətləri və evdə özbaşına müalicə dəri xəstəliklərini daha da ağırlaşdıra bilər" - HƏKİM DANIŞDI

"Tiktok məsləhətləri və evdə özbaşına müalicə dəri xəstəliklərini daha da ağırlaşdıra bilər" - HƏKİM DANIŞDI

“İlk növbədə qeyd etmək istəyirəm ki, dəridə hər hansı bir qıcıqlanma, qaşınma, səpki, qızartı, suluq, sızanaq, qabıqlanma və ya digər dəyişikliklər yarandıqda və bu hallar bir-iki gün ərzində keçmədikdə mütləq dermatoloqa müraciət etmək lazımdır”.

Bu fikirləri SİA-ya açıqlamasında dermatoloq-kosmetoloq Pərviz Dadaşov bildirib.

Onun sözlərinə görə, bir çox hallarda insanlar özbaşına apteklərdən müxtəlif dərman və kremlər alaraq istifadə edirlər:

”Halbuki bu, mövcud vəziyyəti daha da ağırlaşdıra bilər: "Biz dermatoloqlar olaraq dəfələrlə bunun şahidi olmuşuq. Xüsusilə son dövrlərdə başqa bir narahatedici tendensiya müşahidə olunur. Bəzi apteklər sosial şəbəkələrdə, xüsusilə tiktok platformasında aktiv fəaliyyət göstərərək, xəstəni görmədən və diaqnoz qoymadan müxtəlif krem və dərman preparatları tövsiyə edirlər. Halbuki dəri xəstəliklərinin diaqnostikası yalnız həkim müayinəsi əsasında aparılmalıdır.

Diaqnoz qoyulmadan verilən müalicə tövsiyələri yanlış nəticələrə səbəb ola, xəstəliyin klinik görünüşünü dəyişdirə, prosesi ağırlaşdıra və sonrakı müalicəni çətinləşdirə bilər. Biz dermatoloqlar olaraq bu halların nəticələri ilə praktik fəaliyyətimizdə dəfələrlə qarşılaşmışıq.
Bu səbəbdən dəri ilə bağlı hər hansı problem yarandıqda sosial şəbəkələrdəki tövsiyələrə və ya təsadüfi məsləhətlərə deyil, mütləq ixtisaslı dermatoloqun müayinəsinə müraciət edilməsini tövsiyə edirik.

Düzgün diaqnoz və vaxtında aparılan müalicə həm xəstəliyin ağırlaşmasının qarşısını alır, həm də daha uğurlu nəticələrin əldə olunmasına imkan yaradır".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə