Mərkəzi Gömrük Hospitalının klinik bazasında əcnəbi tələbələr üçün tədris prosesi davam etdirilir

Mərkəzi Gömrük Hospitalının klinik bazasında müxtəlif təhsil səviyyələri üzrə tələbə, rezident və kursantlar üçün nəzəri-praktik tədris prosesi həyata keçirilir. Hazırda Mərkəzi Gömrük Hospitalında Azərbaycan Tibb Universitetinin sonuncu kursunun ingilis dili bölməsində təhsil alan bir qrup əcnəbi tələbə klinik hazırlığını davam etdirir.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyevin rəhbərliyi ilə ATU-nun VI kurs əcnəbi tələbələri “Daxili xəstəliklər” fənni üzrə nəzəri-praktik məşğələlərdə iştirak edirlər. Tədris dövründə tələbələr Mərkəzi Gömrük Hospitalının klinik bazasında müxtəlif xəstəliklər üzrə müalicə alan pasiyentlərin müşahidəsi, klinik halların təhlili, diaqnostika və müalicə yanaşmalarının müzakirəsi, həmçinin hospitalda tətbiq olunan müasir tibbi texnologiyalar və unikal müalicə üsulları ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Mərkəzi Gömrük Hospitalında yaradılmış müasir tədris-klinik mühit tələbələrin nəzəri biliklərini real klinik praktika ilə möhkəmləndirməsinə, klinik düşüncə bacarıqlarını inkişaf etdirməsinə və peşəkar həkim kimi formalaşmasına mühüm töhfə verir.
Hospitalın klinik bazasında tədris prosesinin təşkili ölkədə tibb təhsilinin keyfiyyətinin artırılmasına, tələbələrin praktik hazırlığının gücləndirilməsinə və səhiyyə sahəsində müasir bilik və bacarıqların paylaşılmasına xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə