Hidrosel nədir və necə müalicə olunur?

Uşaqlarda müşahidə olunan bəzi problemlər valideynlərdə ciddi narahatlıq yaratsa da, onların əksəriyyəti vaxtında diaqnostika və düzgün tibbi yanaşma ilə uğurla aradan qaldırıla bilir. Belə hallardan biri də xüsusilə yenidoğulmuş və körpə oğlan uşaqlarında rast gəlinən hidroseldir. Xaya kisəsində şişkinliklə özünü göstərən bu vəziyyət çox zaman təhlükəli olmasa da, diqqətlə izlənilməli və həkim nəzarətində qiymətləndirilməlidir.

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uşaq cərrahı Alşan Paşazadə hidroselin yaranma səbəbləri, əlamətləri, müalicə üsulları və valideynlərin diqqət etməli olduğu məqamlar barədə suallarımızı ətraflı cavablandırıb.

- Alşan həkim, hidrosel nədir?

- Hidrosel xayanın ətrafında maye toplanması nəticəsində yaranan bir vəziyyətdir. Bu zaman xaya kisəsində şişkinlik əmələ gəlir və valideynlər bunu adətən gözlə görünən böyümə şəklində hiss edirlər. Hidrosel bir tərəfli və ya hər iki tərəfli ola bilər. Ən çox yenidoğulmuş və körpə oğlan uşaqlarında rast gəlinir. Əksər hallarda uşağa ağrı vermir və gündəlik fəaliyyətinə təsir etmir. Buna baxmayaraq, xaya nahiyəsində olan hər bir dəyişiklik diqqətlə qiymətləndirilməlidir. Çünki bəzi hallarda hidrosel digər cərrahi problemlərlə, xüsusilə qasıq yırtığı ilə birlikdə müşahidə oluna bilər.

— Valideynlər bu vəziyyətdən niyə qorxurlar?

— Valideynlər üçün uşağın sağlamlığı ilə bağlı hər bir dəyişiklik təbii olaraq narahatlıq yaradır. Xüsusilə xaya nahiyəsində şişkinlik gördükdə bir çox ailə bunu ciddi xəstəlik, şiş və ya gələcəkdə sonsuzluq riski ilə əlaqələndirir. Hidrosel uşaqlarda ən çox rast gəlinən və çox zaman təhlükəli olmayan problemlərdən biridir. Əsas məsələ vaxtında həkim müayinəsi aparılması və vəziyyətin düzgün qiymətləndirilməsidir. Valideyn bilməlidir ki, erkən diaqnostika həm rahatlıq yaradır, həm də lazım gəldikdə düzgün müalicə planının seçilməsinə imkan verir.

— Hidrosel hansı səbəbdən yaranır?

— Körpə ana bətnində inkişaf edərkən xayalar qarın boşluğunda formalaşır və sonrakı aylarda aşağı enərək xaya kisəsinə yerləşir. Bu proses zamanı qarın boşluğu ilə xaya arasında kiçik bir kanal mövcud olur. Normal halda doğuşdan sonra həmin kanal bağlanmalıdır. Əgər kanal tam bağlanmırsa, qarın boşluğundan gələn maye xaya kisəsinə keçərək hidrosel yaradır. Bəzi hallarda isə kanal bağlansa da, xaya ətrafında qalan maye sorulmur və nəticədə hidrosel yaranır. Bu vəziyyət xüsusilə vaxtından əvvəl doğulan körpələrdə daha çox rast gəlinə bilər.

— Hidroselin əsas əlamətləri hansılardır?

— Ən əsas əlamət xaya kisəsində şişkinlikdir. Valideynlər adətən uşağı çimizdirərkən, bezini dəyişərkən və ya geyindirərkən bunu hiss edirlər. Bəzən şişkinlik gün ərzində dəyişə bilər - məsələn, uşaq ağladıqda və ya hərəkətli olduqda daha böyük görünə bilər. Əksər hallarda ağrı olmur və uşaq narahatlıq hiss etmir. Şişkinlik yumşaq olur və dəridə qızartı müşahidə edilmir. Lakin əgər ağrı, qızartı, yüksək narahatlıq və ya şişkinliyin qəfil böyüməsi olarsa, bu artıq başqa problemlərin göstəricisi ola bilər və təcili müayinə tələb edir.

- Hidrosel təhlükəli hesab olunurmu?

— Ümumiyyətlə hidrosel uşaqlarda təhlükəli hesab olunmur və əksər hallarda həyat üçün risk yaratmır. Xüsusilə ilk aylarda və ilk 1–2 yaş ərzində müşahidə olunan hidrosellərin böyük hissəsi öz-özünə keçə bilir. Buna görə kiçik yaşlı uşaqlarda çox vaxt sadəcə müşahidə taktikası seçilir. Amma bəzi hallarda diqqətli olmaq lazımdır. Əgər hidrosel böyüyürsə, uzun müddət keçmirsə və ya qasıq yırtığı ilə birlikdə müşahidə olunursa, cərrahi müdaxilə lazım ola bilər. Əsas məqsəd uşağın gələcək sağlamlığını qorumaq və mümkün ağırlaşmaların qarşısını almaqdır.

— Bu xəstəliyin diaqnostikası necə aparılır?

— Əksər hallarda təcrübəli uşaq cərrahının müayinəsi diaqnoz üçün kifayət edir. Müayinə zamanı şişkinliyin ölçüsü, sərtliyi və dəyişkənliyi qiymətləndirilir. Lazım olduqda ultrasəs müayinəsi - USM aparılır. USM həm hidroselin təsdiqlənməsi, həm də qasıq yırtığı və ya xaya patologiyalarının istisna olunması üçün çox faydalıdır. Bu müayinələr uşağa ağrı vermir və təhlükəsiz üsul hesab olunur.

— Müalicə prosesi necə aparılır?

— Müalicə uşağın yaşına və hidroselin vəziyyətinə görə dəyişir. Bir çox körpədə ilk aylarda və hətta ilk 1–2 il ərzində hidrosel öz-özünə geriləyə bilər. Bu səbəbdən həmin dövrdə adətən müşahidə aparılır və valideynlər həkimlə birgə mütəmadi nəzarətdə saxlamalıdırlar.Əgər hidrosel uzun müddət davam edirsə, ölçüsü artırsa və ya qasıq yırtığı ilə birlikdədirsə, cərrahi əməliyyat tövsiyə olunur. Müasir cərrahi üsullar minimal travmatikdir və uşaqlar çox qısa müddətdə normal həyatlarına qayıdırlar. Əməliyyatdan sonra nəticələr adətən çox uğurlu olur.

— Valideynlərə əsas tövsiyəniz nə olardı?

— Valideynlər uşağın xaya nahiyəsində hər hansı şişkinlik, fərqlilik və ya asimmetriya gördükdə bunu diqqətsiz qoymamalıdırlar. Bəzən ailələr “öz-özünə keçər” düşüncəsi ilə müayinəni gecikdirirlər. Halbuki vaxtında həkimə müraciət etmək həm diaqnozun dəqiqləşdirilməsi, həm də valideynin rahatlığı üçün çox vacibdir. Erkən müayinə sayəsində problem düzgün qiymətləndirilir və lazım olduqda vaxtında müdaxilə edilir. Uşağın sağlam inkişafı üçün valideyn diqqəti və həkim nəzarəti böyük əhəmiyyət daşıyır.

Müsahibəni apardı

Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi Dilarə Zamanova

Bütün xəbərlər Facebook səhifəmizdə