Mərkəzi Gömrük Hospitalında “Ümumdünya Əl Gigiyenası Günü”nə həsr olunmuş təlim keçirilib
6 may 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Ümumdünya Əl Gigiyenası Günü”nə həsr olunmuş maarifləndirici təlim keçirilib.
Təlimdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, İnfeksiyaya Nəzarət Komissiyasının sədri, həkim-infeksionist Mədinə Abdullayeva, eləcə də hospitalın həkim heyəti, rezidentlər və tibb bacıları iştirak ediblər.
Təlim çərçivəsində çıxış edən İnfeksiyaya Nəzarət Komissiyasının sədri, həkim-infeksionist Mədinə Abdullayeva səhiyyə xidməti ilə əlaqədar infeksiyaların müasir səhiyyə sistemində aktual problemlərdən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu infeksiyalar xəstələrin müalicə prosesinə mənfi təsir göstərməklə yanaşı, hospitalizasiya müddətinin uzanmasına, əlavə tibbi müdaxilələrin zəruriliyinə və səhiyyə resurslarının daha intensiv istifadəsinə səbəb olur.
Bildirilib ki, səhiyyə müəssisələrində infeksiyaya nəzarətin gücləndirilməsi, xüsusilə də əl gigiyenası qaydalarına riayət olunması xəstəxanadaxili infeksiyaların profilaktikasında əsas və effektiv tədbirlərdən biri hesab olunur. Bu istiqamətdə tibb işçilərinin bilik və bacarıqlarının artırılması, mütəmadi maarifləndirmə tədbirlərinin təşkili xüsusi əhəmiyyət kəsb edir.
Təlim zamanı mövzu ilə bağlı təqdimat materialları nümayiş etdirilib, əl gigiyenasının düzgün tətbiqi ilə bağlı praktiki tövsiyələr verilib, video-çarx izlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında mütəmadi olaraq bu kimi maarifləndirici tədbirlərin keçirilməsi səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına, pasiyent təhlükəsizliyinin təmin olunmasına və infeksiyaya nəzarət sahəsində effektivliyin yüksəldilməsinə xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB