Uşaqlarda öd daşlarının yaranma səbəbləri, əlamətləri və müalicə üsulları

Uşaqlarda öd daşları nadir hallarda rast gəlinən tibbi problemlərdən hesab olunsa da, son illərdə diaqnostika imkanlarının genişlənməsi nəticəsində bu halın daha tez-tez aşkar edildiyi müşahidə olunur. Fiziki cəhətdən sağlam görünən uşaqlarda belə öd daşlarının aşkarlanması valideynlər üçün gözlənilməz vəziyyət yarada bilər.
Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uşaq cərrahı Alşan Paşazadə uşaqlarda öd daşlarının yaranma səbəbləri, əlamətləri və müalicə üsulları barədə məlumat verib.
Öd kisəsi qarının yuxarı sağ hissəsində yerləşən və qaraciyərdə əmələ gələn öd mayesini toplayaraq saxlayan kiçik orqandır. Bu maye yağların həzminə kömək edir. Bəzi hallarda isə öd mayesinin tərkibində kristalvari hissəciklər əmələ gələrək zamanla daşlara çevrilir və bu vəziyyət öd daşları adlanır.
Uşaqlarda öd daşlarının yaranmasına müxtəlif amillər səbəb ola bilər. Bəzi hallarda problemin konkret səbəbi müəyyən olunmur. Bununla yanaşı, piylənmə, qeyri-sağlam qidalanma, irsi meyillilik və bəzi qan xəstəlikləri də bu problemin yaranma riskini artıran amillər sırasındadır.
bəzi uşaqlarda öd daşları uzun müddət heç bir əlamət vermədən mövcud ola bilər. Lakin simptomlar meydana çıxdıqda qarının yuxarı sağ hissəsində ağrı, xüsusilə yağlı qidalardan sonra narahatlıq hissi, ürəkbulanma və qusma kimi hallar müşahidə oluna bilər. Bəzi hallarda gözlərin və dərinin saralması – sarılıq əlaməti də qeydə alınır.
Uşaqlar ağrının yerini hər zaman dəqiq ifadə edə bilmədikləri üçün valideynlər onların davranışındakı dəyişikliklərə diqqət yetirməlidirlər. Qarın ağrısı, iştahsızlıq, halsızlıq və ümumi narahatlıq kimi hallar valideynləri həkimə müraciət etməyə sövq edən əsas əlamətlərdən hesab olunur.
Uşaqlarda öd daşlarının diaqnostikasında ən əsas müayinə üsulu ultrasəs müayinəsidir. Bu müayinə öd kisəsində daşların olub-olmadığını aydın şəkildə müəyyən etməyə imkan verir və ağrısız, təhlükəsiz üsul hesab olunur. Zərurət yarandıqda əlavə laborator analizlər və digər müayinə metodları da təyin oluna bilər.
Müalicə üsulu uşağın vəziyyətindən asılı olaraq müəyyən edilir. Əgər daşlar heç bir simptom yaratmırsa, uşaq həkim nəzarəti altında müşahidə olunur. Lakin ağrı və digər narahatlıqlar müşahidə olunduqda cərrahi müalicə tövsiyə edilə bilər.
Müasir tibbdə bu əməliyyat əsasən laparoskopik üsulla həyata keçirilir. Bu metod kiçik kəsiklər vasitəsilə aparıldığı üçün əməliyyatdan sonra uşaqların bərpa prosesi daha sürətli olur və gündəlik həyata qayıtmaq daha asan baş verir.
Uşaq cərrahı Alşan Paşazadə valideynlərə tövsiyə edib ki, uşaqlarda qarın ağrısı, tez-tez qusma, iştahsızlıq və ya sarılıq kimi əlamətlər müşahidə olunduqda vaxt itirmədən pediatr və ya uşaq cərrahına müraciət etsinlər. Onun sözlərinə görə, vaxtında aparılan diaqnostika və düzgün müalicə uşaqların sağlamlığının qorunmasına kömək edir.

Bütün xəbərlər Facebook səhifəmizdə