Qurudulmuş dondurmaların hansı riskləri var? - MÜTƏXƏSSİS AÇIQLADI

Son zamanlarda qurudulmuş dondurmalara maraq getdikcə artır. Demək olar ki, balacadan böyüyə hər kəs bu cür dondurmaları istehlak edir. Maraqlıdır, bəs qurudulmuş dondurmaların hansı riskləri var?

Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, qurudulmuş dondurmaların tərkibində sağlamlıq üçün risk yarada biləcək maddələr bəzən olur, bəzən də olmur.

Onun sözlərinə görə, quru dondurma əslində bir texnologiyadır:

”Məhsul dondurulur, sonra vakuum şəraitində suyu çıxarılır. Buz birbaşa buxara keçir. Risk adətən prosesdən yox, reseptdən gəlir. Əgər bu klassik dondurmanın quru variantıdırsa, tərkibi də eyni olur. Şəkər, qlükoza siropu, dekstroz, kərə yağı, bəzən kokos yağı və oxşar yağlar, stabilizatorlar və emulqatorlar, aromalar, rəngləndiricilər ola bilir. Bir çox quru dondurma etiketində emulqatorlar və stabilizatorlar açıq şəkildə yazılır.

Bu qatqı maddələri icazə verilən qatqı madələri olsa da, günlük sağlam insanın qəbul edəcəyi dozanı keçsək risk ehtimalı yarana bilir. Əsas risklərdən biri şəkərin çoxluğudur. Müxtəlif şəkər formaları birlikdə olanda gündəlik rasionda şirinin yükü artır. Bəzi emulqator, stabilizatorlar hamıda yox, amma mədə-bağırsağı həssas insanlarda narahatlıq yarada bilər. Quru dondurma alarkən tərkibi siyahısında ilk sırada olan 3-5 maddəyə baxın. Maddələr adətən miqdarına görə sıralanır. İlk yerlərdə şəkər, qlükoza siropu, dekstroz çoxdursa, məhsulun əsas yükü artıq görünür. Şəkər bəzən şəkər kimi, bəzən də sirop, fruktoza, dekstroz kimi qeyd olunur. Bir neçə formanın birlikdə olması şirinlik yükünü artırır.
Quru məhsulda 100 q bəzən yanıldıcı ola bilər. Çünki məhsul yüngüldür və həcmi böyük görünür. Daha real qiymətləndirmə üçün porsiya üzrə kalori, şəkər və doymuş yağa baxmaq faydalıdır. E471, E473 emulqatorlar, E407 karragenan, E412 quar, E415 ksantan kimi maddələr əsasən tekstura üçündür. Çox adam üçün problem yaratmır. Amma bəzi həssas insanlar üçün risk yarana bilər. Süd zülalı, laktoza, soya lesitini, qoz-fındıq izləri kimi qeydlər xüsusən uşaqlar və allergiyası olanlar üçün vacibdir. Həmçinin quru məhsul həmişə təhlükəsiz olmur. Qablaşdırmanın bütöv olması və rütubətdən qorunma keyfiyyətə birbaşa təsir edir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə