"Qlütensiz və şəkərsiz məhsulların faydası fərdi sağlamlıqdan asılıdır" - EKSPERT DANIŞDI

"Qlütensiz və şəkərsiz məhsulların populyarlaşması həm marketinq tendensiyası, həm də müəyyən hallarda sağlamlıq üçün real fayda ilə bağlıdır".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Seymur Qafarov deyib.

Onun sözlərinə görə, bu yanaşma hər kəs üçün eyni dərəcədə effektiv deyil və fayda daha çox xüsusi sağlamlıq vəziyyətlərində özünü göstərir: "Qlütensiz qidalanma xüsusilə çölyak xəstəliyi və ya qlütenə qarşı həssaslığı olan insanlar üçün həyati əhəmiyyət daşıyır. Bu şəxslər üçün qlüten qəbul edilməsi bağırsaqlarda ciddi zədələnmələrə və sağlamlıq problemlərinə səbəb ola bilər. Belə hallarda qlütensiz məhsullar tibbi baxımdan zəruri hesab olunur.

Sağlam insanlarda isə qlüteni tamamilə rasiondan çıxarmağın elmi əsaslı faydası sübut edilməyib. Əksinə, qlüten tərkibli məhsullar, xüsusilə tam buğda çörəyi və digər dənli bitkilər lif, B qrup vitaminləri və mineral maddələrlə zəngindir. Bu qidaların məhdudlaşdırılması bəzi hallarda qida balansının pozulmasına da gətirib çıxara bilər.

Marketinq baxımından qlüten çox vaxt “təhlükəli maddə” kimi təqdim olunur və bu yanaşma geniş auditoriyada maraq doğurur. Halbuki əhalinin böyük əksəriyyəti üçün qlüteni məhdudlaşdırmaq nə tibbi, nə də sağlamlıq baxımından zəruri deyil. Şəkərsiz məhsulların əsas üstünlüyü diabet xəstələri və çəki nəzarəti edən insanlar üçün qan şəkərinin sürətlə yüksəlməsinin qarşısını almasıdır. Şəkər əvəzediciləri, məsələn stevia, sukraloza və aspartam, daha az kalori verdiyi üçün müəyyən hallarda faydalı hesab olunur.

Bununla yanaşı, şəkərsiz məhsulların uzunmüddətli istehlakı bəzi insanlarda mədə-bağırsaq problemlərinə, o cümlədən şişkinlik və qaz yaranmasına səbəb ola bilər. Həmçinin “şəkərsiz” etiketi olan məhsulların tərkibində fruktoza və ya digər gizli karbohidratların olması da mümkündür ki, bu da onların tam təhlükəsiz olduğu anlamına gəlmir. Psixoloji baxımdan insanlar şəkərsiz məhsulları “günahkar qida” kimi qəbul etmədikləri üçün onları daha rahat və nəzarətsiz şəkildə istehlak edə bilirlər. Bu isə nəticə etibarilə həddindən artıq qida qəbuluna yol aça bilər.

Mütəxəssislərin rəyinə görə, qlütensiz və şəkərsiz məhsullar sağlamlıq baxımından yalnız xüsusi tibbi göstərişlər olduqda real fayda verir. Marketinq aspektindən isə qida sənayesi bu trendləri “sağlam həyat tərzi” imici altında geniş auditoriyaya təqdim edərək satışları artırır. “Sağlam” anlayışı çox vaxt reklam strategiyasının bir hissəsi kimi istifadə olunur. Ən sağlam yanaşma isə balanslı və təbii qidalanmadır; tərəvəz, meyvə, balıq, çərəzlər və buğda unu əsasında qidalar daha etibarlı seçim hesab olunur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə