” “2 yaş sindromu” uşağın müstəqillik və emosional inkişaf mərhələsidir" - HƏKİM DANIŞDI
"Valideynlər arasında “2 yaş sindromu” kimi tanınan davranış dəyişiklikləri uşağın inkişafında tamamilə təbii və fizioloji-psixoloji əsaslara söykənən bir mərhələdir. Bu dövr xəstəlik və ya tərbiyə problemi deyil, uşağın şəxsiyyətinin formalaşmasının vacib bir hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında pediatr-həkim Təranə Marufova deyib.
Onun sözlərinə görə, iki yaş ətrafında uşaqda müstəqillik ehtiyacı kəskin şəkildə artır: "Uşaq artıq özünü ayrı bir fərd kimi dərk etməyə başlayır, lakin hisslərini, istəklərini və məyusluqlarını ifadə edəcək dil və emosional bacarıqları hələ tam formalaşmayıb. Məhz bu uyğunsuzluq əsəbilik, ağlama tutmaları, “yox” demə, inadcılıq və ani emosional partlayışlar şəklində özünü göstərir. Bu mərhələdə uşaqlarda müşahidə olunan əsəbilik və inadcılıq normal inkişaf göstəricisi hesab olunur. Uşaq öz sərhədlərini yoxlayır, səbəb–nəticə əlaqələrini öyrənir və ətrafındakı böyüklərin reaksiyalarını test edir. Bu davranışlar əslində uşağın psixoloji inkişafının sağlam getdiyini göstərir, çünki uşaq artıq passiv deyil, aktiv şəkildə ünsiyyət və təsir mexanizmlərini mənimsəyir. Valideynlərin ən çox yol verdiyi səhvlərdən biri bu dövrü “ərköyünlük” və ya “sözəbaxmazlıq” kimi qiymətləndirməkdir. Əslində isə sərt cəzalar, qışqırıq və ya uşağın duyğularını tamamilə görməzlikdən gəlmək problemin daha da dərinləşməsinə səbəb ola bilər. Bu yanaşma uşağın özünü təhlükəsiz hiss etməsinə mane olur və gələcəkdə emosional ifadə çətinliklərinə yol aça bilər.
Bu mərhələni uşağın psixoloji inkişafına zərər vermədən idarə etmək üçün valideynlər sabitlik və səbir nümayiş etdirməlidirlər. Qaydalar aydın və dəyişməz olmalı, lakin izahlar yaşa uyğun və sakit tonda verilməlidir. Uşağa seçim imkanı vermək (“bu köynəyi, yoxsa o köynəyi geyinmək istəyirsən?”) onun müstəqillik ehtiyacını sağlam şəkildə qarşılayır və qarşıdurmaları azaldır. Eyni zamanda uşağın hisslərini adlandırmaq və qəbul etmək vacibdir. “Sən əsəbləşmisən, çünki istədiyini edə bilmədin” kimi ifadələr uşağın öz emosiyalarını tanımasına və tənzimləməsinə kömək edir. Valideyn sakit qaldıqca, uşaq da zamanla emosional reaksiyalarını idarə etməyi öyrənir. “2 yaş sindromu” keçici, lakin inkişaf baxımından çox önəmli mərhələdir. Düzgün yanaşma ilə bu dövr uşağın özünə inamlı, emosional cəhətdən sağlam və balanslı bir fərd kimi formalaşmasına töhfə verir. Valideynin əsas rolu uşağı bu mərhələdə dəyişdirmək deyil, onu anlayaraq və yönləndirərək inkişafına dəstək olmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB