“Servikal xərçəng” üzrə beynəlxalq tədbir keçirilib

Bu gün Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində, “Hilton İstanbul” hotelində ilk dəfə “Servikal xərçəng üçün skrininq testləri, HPV peyvəndləmə, CİN 1, 2, 3 və kolposkopiya” mövzusunda Beynəlxalq dəyirmi masa müzakirəsi təşkil olunub.

SİA xəbər verir ki, tədbirdə Milli Onkologiya Mərkəzinin Şişönü xəstəliklərin diaqnostikası və müalicə şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Sevinc Rəhimzadənin rəhbərliyi ilə şöbənin həkim kollektivi fəal iştirak edib, Türkiyənin aparıcı onkoginekoloqları Murat Gültekin, Mete Güngör və Murat Dede ilə birgə elmi müzakirələr aparılıb.

Dəyirmi masa çərçivəsində “servikal xərçəng”in erkən diaqnostikası, effektiv skrininq strategiyaları, HPV peyvəndləmə proqramlarının tətbiqi, CİN 1, 2, 3 mərhələlərinin idarə olunması və kolposkopiyanın müasir yanaşmaları üzrə beynəlxalq təcrübələr təqdim edilib. Tədbir yüksək elmi səviyyədə, interaktiv formatda təşkil olunub, klinik protokollar və praktik yanaşmalar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycandan 500-ə yaxın həkim və səhiyyə mütəxəssisi zoom platforması vasitəsilə tədbirə canlı qoşularaq müzakirələri izləyib, Türkiyədən dəvət olunmuş professor və mütəxəssislərə birbaşa suallar ünvanlayaraq aktiv iştirak nümayiş etdirib.

Bu dəyirmi masa müzakirəsi Azərbaycanda dövlət səviyyəsində planlaşdırılan HPV skrininq və peyvəndləmə proqramının elmi əsaslarının formalaşdırılması məqsədi daşıyır. Tədbir sözügedən dövlət layihəsinin ilkin mərhələsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə