Bu cür linzalar göz üçün təhlükəlidir - HƏKİM AÇIQLADI

“Optik linzaların istifadəsi göz sağlamlığı üçün müəyyən risklər yarada və uzunmüddətli dövrdə ciddi fəsadlara səbəb ola bilər. Linzalar birbaşa gözün buynuz qişası ilə təmasda olduğundan, gözə oksigenin çatmasını məhdudlaşdırır”. Bu sözləri SİA-ya açıqlamasında göz həkimi Pərvin Səmədova deyib.

Onun sözlərinə görə, nəticədə göz oksigensiz qalır və bu hal insanın tez-tez göz qırpmasına gətirib çıxarır:

”Bundan əlavə, linzaların göz səthində hərəkəti mikrotravmalar yarada bilər ki, bu da buynuz qişanın ön qatında bulanıqlığa səbəb olur.

Optik linzalar gözün ön hissəsində quruluq yaradır. Normalda gözü qoruyan göz yaşı pərdəsi linzanın təsiri ilə pozulur və bu da göz quruluğuna yol açır. Göz quruluğu zamanı qızartı, yanma hissi, tez-tez göz qırpma və reflektor olaraq göz yaşının axması kimi əlamətlər müşahidə olunur. Bu vəziyyət tibbdə “quru göz sindromu” adlanır.

Son dövrlərdə quru göz sindromu ilə bağlı oftalmoloqlara müraciət edənlərin sayı xeyli artıb. Xüsusilə gənc qadınlar estetik və rahatlıq səbəbilə optik linzalara daha çox üstünlük verirlər. Həkimlərin tövsiyə etməməsinə baxmayaraq, linzadan istifadə edənlərin sayı azalmır.

Qadağa olmasa da, mütəxəssislər bildirir ki, kontakt linzaların saxlandığı xüsusi məhlullarda parazit və mikroorqanizmlər çoxala bilər. Bu isə göz infeksiyalarına və görmə qabiliyyətinin daha da zəifləməsinə səbəb olur. Vaxtında müalicə aparılmadıqda isə infeksiya ciddi fəsadlar yaradaraq görmənin tədricən itirilməsinə qədər gedib çıxa bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə