Ömrü uzatmağın sadə yolu...

İstənilən yaşda daha aktiv həyat tərzinə keçid ömrü uzata bilər – alimlərin 6,5 milyondan çox insanın iştirak etdiyi 85 araşdırmanın məlumatlarını təhlil etdikdən sonra gəldiyi qənaət belədir.

SİA-xəbər verir ki, British Journal of Sports Medicine jurnalında dərc olunan məqaləyə görə, yetkinlik dövründə fiziki aktiv olanların hər hansı səbəbdən ölmə riski 30-40 faiz azalıb.

Bir şəxs daha gec məşq etməyə başlasa belə, risk 20-25 faiz azalıb. Tədqiqatçılar müxtəlif fiziki fəaliyyət nümunələrini araşdırdılar: daimi, yaşla artan, orta dərəcədə və asudə vaxtla əlaqəli…

Məlum olub ki, hətta orta yaşda aktiv həyat tərzi keçirməyə başlayanlar da ürək-damar xəstəliklərindən ölüm riskini demək olar ki, 40 faiz azaldıb.

Ancaq aktiv həyat tərzindən oturaq həyat tərzinə keçid heç bir fayda gətirmədi.

Ən böyük faydalar müntəzəm orta və güclü fəaliyyətlə görüldü: gəzinti, qaçış, üzgüçülük…

Fəaliyyətin ümumi miqdarı həftədə tövsiyə olunan 150 dəqiqədən az olsa belə, yenə də nəzərəçarpacaq təsir göstərirdi.

Tədqiqatın ictimai sağlamlıq üçün mühüm təsiri var. Bu, idmana başlamaq üçün heç vaxt gec olmadığını təsdiqləyir. Yalnız başlamaq deyil, həm də həyat boyu fəaliyyəti saxlamaq vacibdir - bu, hətta intensiv idman fəaliyyəti olmadan da erkən ölüm riskini azaltmağa kömək edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə