Laboratoriya diaqnostikası tibb elminin bir hissəsini təşkil edir

Dr.Səbinə İbrahimova: “Molekulyar-mikrobioloji laborator müayinələr artıq tibbdə öz böyük rolunu göstərib və insandan olan nümunələrin öyrənilməsi çox vacibdir”.

Laboratoriya diaqnostikası tibb elminin bir hissəsini təşkil edir. O, xəstəliyi və onun gedişini laboratoriya müayinə üsulları ilə öyrənir və diaqnozun təyin edilməsində lazımi məlumatları verir. Hal-hazırda Mərkəzi Gömrük Hospitalında laboratoriyaların ümumi iş prinsipinə uyğun olaraq kliniki, biokimyəvi, koaqulopatoloji, hematoloji, bakterioloji, immunoloji və molekulyar-mikrobioloji kimi laborator müayinələr aparılır. Bu barədə daha ətraflı məlumat əldə etmək üçün Mərkəzi Gömrük Hospitalının həkim-laborantı Dr.Səbinə İbrahimovaya müraciət etdik.

-Səbinə həkim, molekulyar-mikrobioloji laborator müayinələr nəyə görə aparılır?

-Molekulyar-mikrobioloji laborator müayinələr (DNT-nin və RNT-nin texnologiyası) artıq tibbdə öz böyük rolunu göstərib və insandan olan nümunələrin genomunun nukleotid ardıcıllığının sintez edib, öyrənilməsi çox vacibdir. İnfeksion diaqnostikasında, DNT və RNT-əsaslı üsullar xəstəliyin diaqnozunun daha tez qoyulmasına və müalicə müddətinin erkən başlanmasına kömək edir. Polimeraz-zəncirvari reaksiyasının (PZR) köməyi ilə DNT-nin və RNT-nin səviyyəsində hepatitlərin (HBV, HCV və s.) mürəkkəb genotipləri müəyyənləşdirilir. Hamiləliyin inkişafına təsir edən zooinfeksiyalardan toksoplazma, xlamidiya, sitomeqalavirus, herpes I və II, mikoplasma, listerioz və bir sıra başqa infeksiyalar PZR analizin köməyi ilə təyin olunur.

-Hospitalda PZR laboratoriyası hansı müayinələri həyata keçirir?

-PZR laboratoriya digər infeksiyaların laborator diaqnostikasının müasir Real vaxtlı yüksək və spesifikli PZR müayinələrini həyata keçirir. Hospitalda izolyasiya olunmuş PZR-laboratoriyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsnifatına əsasən müəyyən olunmuş bioloji təhlükəsizlik (BTS-2/2+) standartlarına tam cavab verir. BTS-2/2+ laboratoriya 1,2, və 3-cü risk qrupuna daxil olan mikroorqanizmlərlə işlənməsi üçün nəzərdə tutulub. Bu tipdə olan laboratoriya, müayinələrin (mikroorqanizmlərin riskin qiymətləndirilməsinə əsasən) molekulyar metodu ilə təhlükəsiz şəraitdə aparılması üçün imkan yaradır.

Bütün lazimi laborator prosedurları laboratoriyada mövcud olan II-ci tipli Bioloji təhlükəsizlik boksları içində aparılır. PZR-laboratoriyamızda Real vaxtlı, Bio-Rad CFX96 Touch-da modifikasiya kimi müxtəlif metodlarla kəmiyyət və keyfiyyət nəticələri verən bir çox testlər həyata keçirilir.

- Laboratoriyada aparılan testlər hansılardır?

- PZR laboratoriyamızda müxtəlif xəstəliklərin müəyyən edilməsində vacib olan testlər aparılır. Bunlara COVİD-19, Candida albicans, Candida krusei, Candida glabrata, Xlamidiya traxomatis, Ureaplasma urealyticum, Neisseria gonorrhoeae, Trichomonas vaginalis, Gardnella vaginalis və s. aiddir. Testlər yaxma, sıyrıntı qan və bəlğəmdən götürülür. Bu testlərin köməyi ilə koronavirus, kandidoz, urogenital xlamidioz, traxoma, ureaplasma, qonoreya, qardnerellyoz və digər xəstəlikləri aşkar edilir.

Qeyd etmək istəyirəm ki, bütün molekulyar-mikrobioloji tədqiqatlarımızın üstün cəhəti hər müayinədə daxili kontrollarla birlikdə prosesin müxtəlif səviyyələrində müsbət və mənfi kontrolların istifadə olunmasıdır.

-Müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı: Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi Dilara Zamanova

Bütün xəbərlər Facebook səhifəmizdə