Ötən gün 60 cinayətin açılması təmin edilib

Fevralın 23-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 141, o cümlədən borclu şəxs qismində axtarışda olan 110, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 və dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 22 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 73,1 kiloqrama yaxın narkotik vasitə və 2999 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbaraatan, 13 tüfəng, 1 patron darağı, 1 mərmi və 8 ədəd patron aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər də saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə