Göyçaylılar uğurlu gələcəyə səs verəcəklər

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Göyçay rayonunun Yeni-Arx kəndində seçicilərlə görüş keçirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin sədri Sahib Şükürov ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük iqtisadi uğurlardan, həyata keçirilən iqtisadi islahatların əhəmiyyətindən danışıb: "Cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində həyata keçirilmiş işlər və qazanılmış uğurlu nailiyyətlər göz önündədir. Azərbaycan əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu daxili və xarici siyasət sahəsində Cənab İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf və tərəqqi əldə edib".

S.Şükürov kənd sakinlərini 11 aprel 2018-ci il tarixində xalqın alternativsiz namizədi Cənab İlham Əliyevə səs verməyə səsləyib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin üzvləri, Elçin İsmayılov, Zenfira Əliyeva, Namət Şirinov, Rövşən Zamanov, Rövşən Şərifov, kənd sakinlərindən Vidadi Salmanov, Gülay Fərzəliyeva, İbrahim Məmmədov və başqaları çıxış edərək Cənab İlham Əliyevin Azərbaycanın inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən danışıblar. Tədbir iştirakçıları vurğuladılar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib və möhtəşəm tarixi nailiyyətlər qazanıb. Bu illərdə dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. Çıxış edənlər aprelin 11-də seçki məntəqələrinə gedərək, Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri Cənab İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.

Afət

Bütün xəbərlər Facebook səhifəmizdə