İsmayıllılar davamlı inkişafa səs verəcəklər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi prezident seçkilərində YAP-ın namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Quşencə kənd seçiciləri ilə görüş keçirib.

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Ramiz Ağayev, Vidadi Rəhimov, Şəfaqət Rəsulov çıxış edərək qeyd edib ki, son 15 il ərzində Azərbaycan nəinki MDB dövlətləri, region dövlətləri arasında, həm də bütün dünya miqyasında böyük nailiyyətlər əldə edib. Bunu dünyanın çox mötəbər reytinq siyahılarında Azərbaycanın mövqeyi də sübut edir. Təkcə elə onu qeyd etmək kifayətdir ki, 130-dan artıq ölkənin içərisində rəqabət qabiliyyətliliyinə görə, Azərbaycan iqtisadiyyatının öncül yerlərdə qərarlaşması, ölkədə hakimiyyət və xalq etimadı məsələsində Azərbaycanın çox böyük nailiyyətidir. Cənab İlham Əliyevin rəhbəliyi ilə ölkəmizin həm beynəlxalq əlaqələri, həm də daxili potensialları nöqteyi-nəzərindən bundan sonrakı 7 il ərzində çox böyük nailiyyətlərin əldə olunması üçün buna imkan verən güclü potensial yaradılıb.

Görüşdə çıxış edən Quşencə kənd sakinləri Vəsidə Mustafayeva, İdris İbrahimov, Natiq Səmədov bildiriblər ki, ölkəmizin sürətli inkişafı hər bir Azərbaycan vətəndaşında qürur və iftixar hisslərini formalaşdırır. Eyni zamanda, bu inkişafın hər bir vətəndaşın həyatında dəyişikliklər üçün əsas verməsi inamımızı şərtləndirən amildir. «Bu gün inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Cənab İlham Əliyevə səs verməklə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, bütövlükdə ölkəmizin inkişafına səs verəcəyik. Çünki Azərbaycanın xoşbəxt gələcəyi Heydər Əliyev siyasəti ilə bağlıdır»-, deyə Quşencə kənd sakinləri bildiriblər.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə