Astarada “İlhamla irəli” şüarı ilə zirvə görüşü keçirilib FOTOLAR

Bu gün YAP Mərkəzi Seçki Qərargahının Astara rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Astara şəhər Park-Bulvarında seçicilərlə zirvə görüşü - konsert-mitinq keçirilib.

Böyük bayram əhvali-ruhiyyəsi ilə keçirilən zirvə görüşündə 12 mindən çox astaralı iştirak edirdi. Zirvə görüşünə gələn seçicilərin qonaqları sürəkli alqışlarla qarşılaması və "İlhamla irəli" şüarının dəfələrlə səsləndirilməsi astaralı seçicilərin artıq seçim etdiklərinin göstəricisidir.

Zirvə görüşündə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov çıxış edərək, Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanda bərqərar olan ictimai-siyasi sabitlik və milli təhlükəsizlik şəraiti, eləcə də, ötən 15 il ərzində əldə olunmuş dinamik iqtisadi artım, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası, vətəndaşların sosial rifahının yaxşılaşması, ordu quruculuğu ətrafında seçicilərə ətraflı məlumat verdi. Rayon təşkilatı sədri Azərbaycanı uğurlu sabahlara aparan bu siyasətin, birmənalı olaraq, davam etdirilməsini bildirərək, qarşıdan gələn seçkilərdə hər bir astaralını partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüş-mitinqdə Milli Məclisin deputatı Elmira Axundova çıxış edərək qeyd edib ki, Cənab İlham Əliyevin 15 illik hakimiyyəti dövründə Azərbaycan dövləti regionun ən qüdrətli ölkəsinə çevrilmişdir: "Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində, Azərbaycanın hər bir guşəsi abadlaşır və gözəlləşir. Məhz ölkədə gedən abadlıq-quruculuq prosesi Astara rayonundan da yan keçməmişdir. Bütün görülən işlər insanların maddi rifahının yüksəlməsinə və rahatlığını təmin etməyə hesablanıb". E.Axundova bu uğurlara, sosial rifaha, gələcəyimizin işıqlı sabahlarına görə, seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə çıxış edən "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmizin böyük inkişaf yolu keçdiyini bildirdi. Ölkəmizdəki mövcud sabitliyin xalq-iqtidar birliyinin və həmrəyliyin ifadəçisi olduğunu diqqətə çatdıran B.Quliyev Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən bu günə kimi Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında yeni dövrün olduğunu, yeni mənzərənin meydana çıxdığını diqqətə çatdırıb. O, astaralı seçiciləri Azərbaycanı beynəlxalq arenada tanıtdıran, inkişafın Azərbaycan modelini dünyaya bəyan edən Cənab İlham Əliyevin siyasi kursunu dəstəkləməyə və işıqlı gələcəyə səs verməyə çağırdı.

Zirvə görüşündə çıxış edən millət vəkili Rüfət Quliyev Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurla və dinamik şəkildə davam etdirildiyini bildirdi. Qeyd etdi ki, Cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində, əhalinin sosial-iqtisadi durumu yaxşılaşmış, beynəlxalq aləmdə Azərbaycanın nüfüzü daha da artmışdır. Millət vəkili bu uğurların davam etdirilməsi üçün hər zaman dövlətə və dövlətçiliyə sədaqətli olan astaralıların 11 aprel seçkilərində fəal olmağa və Cənab İlham Əliyevə səs verəmyə çağırdı.

Görüşdə Milli Məclisin deputatı Rəşad Mahmudov, Azərbaycan Tibb Universitetinin kafedra müdiri Vəsadət Əzizov çıxış edərək, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı Cənab İlham Əliyevin Prezidentliyi dövründə Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiq qalması, bu siyasi kursun müasir dövrün tələblərinə uyğun formada həyata keçirilməsi və bunun da nəticəsində, müstəqil Azərbaycanın regionun ən güclü dövlətinə çevrilməsindən söz açdılar.

Zirvə görüşünə qatılan astaralı seçicilər Cənab İlham Əliyevin ünvanına sürəkli alqış və "Astaralılar, İlhamla irəli" şüarları səsləndirməklə 11 apreldə partiyanın namizədini dəstəkləyəcəklərini bildiriblər.

Zirvə görüşündə respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olundu.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə