Binəqədi seçiciləri Cənab İlham Əliyevə səs verəcəklər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsində prezidentliyə namizəd Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov bildirib ki, son 15 ildə ölkədə aparılan ardıcıl iqtisadi islahatlar və düşünülmüş daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun ən nüfuzlu dövlətinə çevrilib. Azərbaycan hökuməti 2003-cü ildən başlayaraq, 15 il ərzində ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaqla sürətli inkişaf strategiyasını müəyyənləşdirdi. R.Göyüşov çıxışının sonunda bütün seçiciləri qarşıdan gələn Prezident seçkilərində fəal olmağa və Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü publisist, şair Əkbər Qoşalı bildirib ki, müstəqil Azərbaycan dövlətinin quruculuq işlərinin geniş vüsət alması, iqtisadi sahədə misilsiz nailiyyətlərin qazanılması, ictimai-siyasi sabitliyə və vətəndaş həmrəyliyinə nail olunması, siyasi-iqtisadi cəhətdən güclü dövlətin yaradılması iki böyük dühanın, zəka sahibinin Ulu Öndər Heydər Əliyevin və dövlət başçısı Cənab İlham Əliyevin gərgin əməyinin bəhrəsidir. Ə.Qoşalı xalqımız üçün taleyüklü məsələ olan bu ilin 11 aprel tarixində keçiriləcək prezident seçkilərində bütün xalqımızı həmrəy olmağa və Cənab İlham Əliyevə səs verməyə çağırıb.

YAP Binəqədi rayon təşkilatının sədr müavini Tünzalə Zeynalova çıxışında qeyd edib ki, bu gün bütün sahələrdə Cənubi Qafqazın lider dövləti statusunu qazanmış və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilmiş Azərbaycan öz iqtisadi və hərbi qüdrətinə arxalanaraq, işğal altındakı torpaqlarını bir neçə gün ərzində azad etmək iqtidarındadır. T.Zeynalova bütün seçiciləri dövlət başçısının ətrafında sıx birləşməyə və seçkilərdə fəallıq göstərərək, Ona dəstək olmağa dəvət edib.

Görüşdə çıxış edən seçicilərdən İmaş Eyvazov, Elvin Əjdərli, Rüfət Orucov, Sultan Salmanov və başqaları Cənab İlham Əliyevə dəstəklərini ifadə ediblər və seçkilərdə Ona səs verəcəklərini bildiriblər.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə