Qubalılar İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər

Dünən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Quba şöbəsinin seçki qərargahının üzvləri 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon təhsil və mədəniyyət işçiləri ilə görüş keçirilib.

Görüşdə YAP Mərkəzi Seçki Qərargahı Quba rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyev müasir dövrün qarşıya qoyduğu siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi sabitliyin möhkəmlənməsinə nail olub. Bütün sahələrdə uğurlu islahatları həyata keçirən Cənab Prezidentin mədəniyyət, elm, təhsil sahəsinə də diqqət və qayğı göstərdiyini bildirən rayon təşkilat sədri yeni mədəniyyət ocaqlarının, təhsil müəssisələrinin inşası və bərpası ilə yanaşı, bu sahədə çalışan insanların maddi rifahının yüksəlməsi istiqamətində də tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. O, bu uğurların davamı üçün mədəniyyət və təhsil işçilərini seçkilərdə fəal olmağa və Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə Milli Məclisinin deputatı Ziyad Səmədzadə çıxış edərək, son illərdə Azərbaycanın dünyada sürətli inkişaf edən dövlətə çevrildiyini, dövlət başçısının həyata keçirdiyi tədbirlər sayəsində bütün sahələrdə, o cümlədən mədəniyyət və təhsil sahəsində uğurlar qazanıldığını vurğulayıb. Z.Səmədzadə qubalı seçiciləri qarşıdan gələn prezident seçkilərində ölkəmizin dinamik inkişafını təmin edən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran Cənab İlham Əliyevin namizədliyini dəstəkləyərək Onun ətrafında sıx birləşməyə çağırıb.

Yüksək səviyyədə keçirilən görüşdə rayon təşkilatının təbliğat qrupunun üzvləri Həsən Günəşli, Elza Orucova, Hüseynağa Baxışov, Hüseyn Kərimov, Fuad Orucov, Rüfət Hacıyev, Habil Bayramlı iştirak ediblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə