Lerik rayon seçiciləri "İlhamla İrəli" deyir! FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir. Kampaniya çərçivəsində rayon mərkəzində izdihamlı mitinq-görüş keçirilib.

Tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov, "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev, YAP Lerik rayon təşkilatının fəalları, təbliğat qrupunun üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Milli Məclisin İqbal Məmmədov çıxış edərək bildirib ki, hər bir seçici partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı ən azı Onu təbliğ etməyə gedən insanlar qədər məlumatlıdır və dəqiq mövqeyə malikdir: “Bu, Azərbaycan xalqının mövqeyidir. Son 15 il ərzində cənab Prezidentin fəaliyyəti Azərbaycan xalqının gözləri önündədir. Ölkə rəhbərinin fəaliyyətinin şəffaf olması, Onun gördüyü işlərin böyüklüyü, xalqın isə bu barədə yetərincə məlumatlı olması cənab Prezidentin xüsusi təbliğata ehtiyacının olmadığını göstərir. Dövlət başçısı Öz təbliğatını əməlləri ilə yüksək səviyyədə təşkil edib. Buna görə də hesab edirik ki, cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz namizədidir”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, ötən 15 il ərzində dövlət başçısının reytinqi xalq arasında əhəmiyyətli dərəcədə yüksəlməkdə davam edib: “Bu sosial-siyasi göstərici ölkə rəhbərinin effektiv fəaliyyətinin nəticəsidir. Bütün bunların nəticəsi kimi, 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbə qazanacağı heç kəsdə şübhə doğurmur”. Bəhruz Quliyev Lerikli seçiciləri firəvan gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırıb. Tədbirdə YAP Lerik rayon təşkilatının təbliğat qrupunun üzvləri Cəlil Baxşıyev, H.Bəşirov, E.Qənbərov və digər digər çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər. Natiqlər Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını bildiriblər. Tədbir konsert proqramı ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə