Şamaxı seçiciləri Cənab İlham Əliyevə səs verəcəklərinə əmindirlər

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Şamaxı rayonunda uğurla davam edir.

Təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Hacılı və Qızmeydan kəndlərində keçirilən tədbirlərdə YAP Mərkəzi Seçki Qərargahı Şamaxı rayon şöbəsinin üzvləri Ağarza Bayramov, Fatma Quliyeva, Hacıbaba Şıxıyev, Eyvaz Eminaliyev Nəzakət Abdulrazaqova, Namik Rzazadə çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qlobal layihələrdən, uğurlu siyasətdən, əldə olunan nailiyyətlərdən danışıblar və bu nailiyyətlərin, uğurların davamlı olması üçün 11 aprel tarixində keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyin vacibliyini vurğulayıblar.

Görüşlərdə çıxış edən Eyvaz Eminaliyev, Azərbaycanda demokratik seçki ənənəsinin əsasının hələ 100 il əvvəl qoyulduğunu, Avropa ölkələrindən də əvvəl qadınlara seçki hüququ verildiyini, ölkəmizin öz müstəqilliyini bərpa edəndən sonra da demokratik dövlət quruluşu yolunda inamla addımladığını qeyd edərək, hamini prezident seçkilərində iştirak etməyə, ən layiqli və alternativsiz lider Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Öz çıxışında Azərbaycanın apardığı siyasətin uğurlu olduğuna diqqət çəkən qərargah üzvü Ağarza Bayramov, demokratiyanın mövcud olması üçün başlıca amilin sabitlik olduğunu və dünyanın bir çox ölkəsində olmayan bu amilin məhz Azərbaycanda olduğunu xüsusilə vurğulayaraq, bütün seçiciləri seçmək hüququndan istifadə etməyə, seçkilərdə fəal iştirak etməyə, demokratiyanın və bu sabitliyin davamlı olmasını təmin etmək üçün, Cənab İlham Əliyevə səs verməyə dəvət edib.

Tədbirlərdə çıxış edənlər 11 apreldə keçiriləcək prezident seçkilərində bütün seçiciləri hamılıqla Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

İnam HACIYEV

Bütün xəbərlər Facebook səhifəmizdə