Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsinin seçki qərargahının üzvləri 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində izdihamlı zirvə görüşü - mitinq-konsert keçirib.
Toplantıda çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov qeyd etdi ki, bu gün böyük qürurla ölkəmizdə həyata keçirilən nəhəng beynəlxalq layihələrin icrası, aparılan uğurlu iqtisadi proqramların nəticəsində, ölkəmiz beynəlxalq aləmdə nüfuz sahibinə çevrilmiş və vətəndaşlarımızın maddi rifah halı xeyli yaxşılaşmışdır. İşsizlik 5 faizə enmiş, yeni-yeni iş yerləri açılmış, şaxələnmiş iqtisadiyyat inkişaf etdirilmişdır. Rayon təşkilatı sədri bu və bu kimi digər əhəmiyyətli amilləri nəzərə alaraq, xalqımızın növbəti dəfə düzgün seçimini edəcəyini bildirdi: "Azərbaycan xalqı bir daha Cənab İlham Əliyevə dəstək verərək, aprelin 11-də partiyanın namizədinə səs verəcək. Qusarlı seçiciləri də nailiyyətlərin, uğurların və qələbələrin davamına görə Cənab İlham Əliyevə səs verməyə çağırıram".
Mitinqdə çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, akademik Abel Məhərrəmov, Milli Məclisin üzvlərindən İlham Əliyev, Azər Badamov, YAP Qusar rayon təşkilatının qadınlar şurasının sədr müavini Neva Avdurahmanova çıxış edərək, ölkəmizdə aparılan uğurlu islahatların, son 15 ildə həyata keçirilən layihələrin əhəmiyyətindən danışdılar. Qeyd olundu ki, qarşıdan gələn 11 aprel prezident seçkiləri xalqımız üçün əsl bayram əhvali-ruhiyyəsi yaradır. Yaşayış səviyyəmizin yaxşılaşmasını həm öz həyatımızda, həm də bütünlüklə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işlərində hiss edirik.
Çıxış edənlər növbəti 7 ildə qazanılacaq daha möhtəşəm uğurlar naminə seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıblar.
Sonda incəsənət ustalarının çıxışları ilə mitinq davam etdi.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB