Kənd sakinləri seçki prosesində fəal iştirak edəcəklərini və YAP tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevi dəstəklədiklərini deyiblər
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Masazır kəndində seçicilərlə növbəti görüşü keçirib. YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, praqmatik daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib.
Qeyd edib ki, Azərbaycanın qısa zaman kəsiyində böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından biridir: “Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin liderliyi ilə daha da inkişaf edir və qüdrətlənir. İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, çevik, qətiyyətli, uzaqgörən siyasət nəticəsində ölkəmiz mühüm siyasi, iqtisadi-sosial uğurlara nail olub. Azərbaycan qlobal maliyyə böhranlarını qısa müddətdə inkişafla əvəzləyib. Bu gün respublikamız Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınır. Prezident İlham Əliyev çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifidir”.
B.Vəliyev seçiciləri Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, müstəqil Azərbaycan dövlətinin sükanı arxasında durduğu 15 il ərzində cənab İlham Əliyev cəmiyyətə özünün xarizmatik lider obrazını və rasional siyasi davranış modelini təqdim edib: “Cənab İlham Əliyev Ulu Öndərin siyasi məktəbinin ən layiqli yetirməsi kimi öz fəaliyyəti ilə milli mənəviyyatımıza uyğun siyasi əxlaq və siyasi etika nümunəsinin müəllifidir. İlk gündən hər bir azərbaycanlının Prezidenti olacağını vəd edən və sonadək sözünü tutmağı bacaran dövlət başçısı ölkəyə rəhbərlik etdiyi bu illərdə islahatçı lider kimi tanınıb, Azərbaycanın və azərbaycanlıların yeni intibah dövrünün müəllifi kimi milli tariximizə şərəfli bir səhifə yazıb. Elə buna görədir ki, Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında yüksəliş dövrünü yaşayır, daha da güclənir, qüdrətlənir, nüfuzunu artırır. Heydər Əliyev siyasətini uğurla, yaradıcılıqla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini gündən-günə möhkəmləndirir, milli mənafelərimizi cəsarətlə və uğurla müdafiə edir, qloballaşmanın doğurduğu əngəlləri və maneələri qətiyyətlə dəf edir. Azərbaycan xalqı isə Heydər Əliyev yolu ilə öz parlaq gələcəyinə doğru inamla, sürətlə irəliləyir”.
"İki sahil" qəzetinin baş redaktoru əlavə edib ki, bu uğurların davamı naminə hər bir azərbaycanlı 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməlidir.
Tədbirdə həmçinin “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezidentimiz İlham Əliyev hakimiyyətdə olduğu 15 il ərzində Azərbaycanı regionun lider dövlətinə çevirib.
O, əminliklə bildirib ki, gənclər prezident seçkilərində yaxından iştirak edərək ən layiqli namizəd olan cənab İlham Əliyevə səs verəcəklər.
Sonra professor Əsədulla Qurbanov, kənd sakini hacı Mirzəağa Əhmədov, fəal gənc Toğrul Abışov və digərləri çıxış edərək seçki prosesində fəal iştirak edəcəklərini və YAP tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevi dəstəklədiklərini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB