Neft Daşları qəsəbəsinin seçiciləri “İlhamla irəli” şüarı ilə seçkilərə gedirlər SƏS TV

11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizədliyi irəli sürülmüş Cənab İlham Heydər oğlu Əliyevin YAP Pirallahı rayon təşkilatı tərəfindən aparılan təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Belə ki, seçicilərlə növbəti görüş Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Pirallahı rayon şöbəsi tərəfindən Neft Daşları qəsəbəsində keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin sədri Hikmət Şikarov, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitunun direktoru, texnika elmləri doktoru, akademik Rasim Əliquliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Yeni Azərbaycan Partiyası fəalları və seçicilər iştirak ediblər.

Görüşdən öncə, tədbir iştirakçıları Neft Daşlarında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Sonra Neft Daşlarında yaradılmış Heydər Əliyev muzeyinə baxış keçirilib, möcüzələr adasının tarixini əks etdirən müxtəlif tarixi fotoşəkillərə, stendlərə nəzər salınıb.

Görüş Neft Daşlarında fəaliyyət göstərən akt zalında davam etdirilib.

Tədbiri giriş sözü ilə açan Neft Daşları ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov bütün qonaqları və seçiciləri salamlayaraq, 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin siyasi fəaliyyəti barədə fikirlərini bildirib və

vurğulayıb ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim irəliləyir, ölkəmiz regionun lider dövlətə çevrilib, eləcə də dünyada öz mövqeyini xeyli gücləndirərək, bir sıra regional və beynəlxalq əhəmiyyətli layihələrə imza atıb, həmçinin, ən yüksək trubunalarda öz mötəbər yerini tutub. Q.Mahmudov seçki günü hər kəsi fəal olmağa və seçki məntəqələrinə gedərək, Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri və Mərkəzi Seçki Qərargahı Pirallahı rayon şöbəsinin Hikmət Şikarov prezident seçkilərinin Azərbaycanın inkişafında böyük əhəmiyyəti ilə bağlı danışaraq hər bir seçicinin bu prosesdə fəal iştirakının vacibliyini vurğulayıb. O, ölkəmizdə azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hər cür şəraitin olduğunu, aprelin 11-də keçiriləcək prezident seçkilərinin ən yüksək demokratik prinsiplərə cavab verəcəyini, Azərbaycanda növbəti prezident seçkilərinin cəmiyyətimizin iqtisadi, ictimai-siyasi, mənəvi-psixoloji durumunun yüksək olduğu bir vaxtda keçirildiyini qeyd edib. Natiqin vurğuladığına görə, xalqımız yaxşı bilir ki, 11 aprel prezident seçkilərində Cənab İlham Əliyevin qələbəsi labüddür. “Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günə kimi olan müddət Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub” vurğulayan H.Şikarov həmçinin bildirib ki, Cənab İlham Əliyevə səs vermək stabilliyə, sabitliyə, inkişaf və tərəqqiyə səs vermək deməkdir. O, 11 aprel tarixində hər kəsi İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb.

Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitunun direktoru, texnika elmləri doktoru, akademik Rasim Əliquliyev bildirib ki, seçicilər Cənab İlham Əliyevə ona görə etimad göstərəcəklər ki, onlar son 15 ildə ölkədəki möhtəşəm inkişafın uğurlu nəticələrini öz şəxsi həyatlarında hiss ediblər. “Ona görə də bu gün Vətənini, dövlətini sevən hər bir vətəndaş İlham Əliyev cənablarına səs verəcəklər”-natiq qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov çıxış edərək bildirib ki, Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-

iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. Belə ki, 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib. Ə.Muradov da seçiciləri Azərbaycanın daha işıqlı gələcəyinə - Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Seçicilər qarşısında çıxış edən Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev Cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə əldə edilən uğurlardan danışıb. Qeyd olunub ki, həyata keçirilən müvafiq Dövlət proqramları Neft Daşlarının da inkişafına təkan verib. Məhz buna görə də Neft Daşları qəsəbəsinin seçiciləri aprelin 11-də bu uğurların davamına səs verəcəklər.

Çıxış edən Azərbaycanın digər Milli Qəhrəmanı Vahid Quliyev də bu gün ölkəmizin əldə etdiyi uğurlara imza atan Cənab İlham Əliyevin Azərbaycanı regionda və dünyada böyük siyasi qüvvəyə çevirdiyini deyib. “Bu günlər Azərbaycan Respublikası regionda ən güclü, müstəqil dövlətdir”-deyə qeyd edən natiq Qafqazda atılan hər bir addımın, siyasi, iqtisadi, mədəni layihələrin Azərbaycanın iştirakı və ya rəhbərliyi olmadan həyata keçirilmədiyini deyərək, seçki günü seçiciləri fəal olmağa və İlham Əliyev cənablarına səs verməyə çağırış edib.

Neft Daşlarının Neft- Qaz Çıxartma İdarəsinin operatoru İradə İsmayılova çıxış edərək bildirib ki, hər zaman Ulu Öndər Heydər Heydər Əliyevin ideyalarına və İlham Əliyev siyasətinə sədaqətləri ilə seçilən Pirallahı sakinləri qarşıdakı yeddi il ərzində də öz talelərini bu siyasətə bağlayacaqlarına, 11 aprel seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə əminliklərini ifadə ediblər. Daha sonra tədbir Respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bir-birindən maraqlı konsert proqramı ilə davam etdirilib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə