Səbail qadın seçiciləri Cənab İlham Əliyevi dəstəkləyirlər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsi 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun qadın seçiciləri ilə görüş keçirdi.

Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin sədri Şəmsəddin Hacıyev çıxış edərək, bildirib ki, müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır. Rayon təşkilatı sədri YAP-ın sıralarında ölkəmizin tərəqqisinə öz töhfələrini verdiklərini bildirib. Qeyd edib ki, 710 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyasının sıralarında qadınlar təxminən 50 faiz təşkil edir, həmçinin, ölkə üzrə seçicilərin 52 faizə yaxını qadınlardır. O, rayon qadın seçicilərini 11 apreldə keçiriləcək seçkilərdə fəal olmağa və partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva ölkə başçısı Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmizdə bərqərar olan ictimai-siyasi sabitlik və milli təhlükəsizlik şəraiti, eləcə də, ötən 15 il ərzində Azərbaycanda əldə olunmuş dinamik iqtisadi artım göstəriciləri, ölkənin strateji valyuta ehtiyatlarının artması, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası, vətəndaşların sosial rifahının yaxşılaşması, ordu quruculuğu haqqında seçicilərə ətraflı məlumat verdi. N.Əliyeva Azərbaycanı uğurlu sabahlara aparan bu siyasətin, birmənalı olaraq, davam etdirilməsini bildirərək, qarşıdan gələn seçkilərdə hər bir Azərbaycan vətəndaşını, xüsusilə, də qadınları partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə YAP Səbail rayon qadınlar şurasının sədri Təranə Kərimova, YAP Səbail "Əbdülkərim Əlizadə 5" ərazi ilk partiya təşkilatının sədri Məlahət Qurbanova, partiya fəallarından Gülşən Orucova, xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Gülüstan Əliyeva, gənc YAP fəalları Humay Həsənova və Nigar Ağayeva çıxış edərək, son illərdə Cənab İlham Əliyevin məharətli idarəçiliyi ilə cəmiyyət həyatımızın bütün sahələrində qazanılan uğurları qeyd edib və bütün bunların 11 aprel seçkilərində YAP-ın möhtəşəm qələbəsinə tam zəmin yaratdığını diqqətə çəkiblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə