Təhsil işçiləri cənab İlham Əliyevə səs verəcəklər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Sabirabad rayon şöbəsinin Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon Mədəniyyət Mərkəzində təhsil işçiləri ilə görüşü keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, tədbirdə 425 nəfər seçici iştirak edib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Sabirabad rayon şöbəsinin sədri Məleykə Ağayeva YAP-ın namizədi cənab İlham Əliyevin 2003-cü ildən etibarən ölkə başçısı kimi genişmiqyaslı və çoxşaxəli fəaliyyəti, Onun müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın rifahının ildən-ilə daha da yaxşılaşdırılması istiqamətində apardığı uğurlu daxili və xarici siyasət, ölkəmizdə reallaşdırılan ardıcıl və sistemli siyasi, iqtisadi, sosial islahatlar, Azərbaycanın istər regionda, istər beynəlxalq səviyyədə qazandığı tarixi nailiyyətlər və misilsiz uğurlar haqqında ətraflı məlumat verib.

Çıxış edən Milli Məclisin deputatı Elçin Quliyev Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük iqtisadi uğurlardan, həyata keçirilən iqtisadi islahatların əhəmiyyətindən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində həyata keçirilmiş işlər və qazanılmış uğurlu nailiyyətlər barədə öz fikirlərini söyləyib. Natiq seçiciləri 11 aprel 2018-ci il tarixində xalqın alternativsiz namizədi cənab İlham Əliyevə səs verməyə səsləyib.

Daha sonra çixış edən millət vəkili Rüstəm Xəlilov cənab İlham Əliyevin Azərbaycanın inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətləri haqqında məlumat verib. Bildirib ki, bütün Sabirabadlılar cənab İlham Əliyevə böyük hörmət, inam və etimad bəsləyir, müdrik şəxsiyyətin yenidən Prezident seçilməsinə yekdilliklə qərar veriblər.

R.Xəlilov qeyd edib ki, Heydər Əliyev siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dövləti bütün sahələrdə çox böyük uğurlara imza atıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə