İsmayıllı seçiciləri İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat - təşviqat kampaniyası çərçivəsində İsmayıllı şəhərində gənclərlə, o cümlədən, rayonun Təzəkənd və Talıstan kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sevil Əhmədova çıxış edərək qeyd edib ki, Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev ən yeni tarixin qarşıya qoyduğu siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi sabitliyin möhkəmlənməsinə baza yaradıb: "Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb".

Tədbirdə Milli Məclisin deputatı Novruzəli Aslanov, Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat İnstitununun direktoru Misir Mərdanov çıxış edərək bildiriblər ki, Cənab Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir.

İsmayıllı gəncləri adından Qönçə Ağazadə, Tacəddin İbadov, İbrahim Əhmədov, Əkbər Şəfaqətov, Anar Həsənov, Əlirza Hüseynov, Təzəkənd kənd sakinləri Ağalar Bədəlov, Hacalı Səlimov, Ömər Şərifov, Talıstan kənd sakinləri Aydın Əzizov, İradə Hüseynova, Tamam Cəbiyeva çıxış edərək, son illərdə Azərbaycanın dünyada sürətli inkişaf edən dövlətə çevrildiyini, dövlət başçısının həyata keçirdiyi tədbirlər sayəsində bütün sahələrdə uğurlar qazanıldığını vurğulayıblar.

Çıxış edənlər İsmayıllı seçiciləri qarşıdan gələn prezident seçkilərində ölkəmizin dinamik inkişafını təmin edən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran Cənab İlham Əliyevin namizədliyini dəstəkləyir və cəmiyyətimizin bütün üzvlərini Onun ətrafında sıx birləşməyə çağırıblar.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə