Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Binə qəsəbəsinin seçiciləri ilə görüş keçirdi.
Görüşdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirdi ki, ölkəmizdə keçirilən seçkilər hər zaman mühüm siyasi hadisə kimi cəmiyyətimizin diqqət mərkəzindədir və vətəndaşlarımız seçkilərdə fəal iştirak edirlər.
N.Əhmədov qeyd etdi ki, son 15 ildə ölkəmiz yüksək inkişaf yolu keçib. Ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Xəzər rayonunda da böyük işlər görülüb. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir.
Çıxış edən YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən bu günə qədər keçən müddət ərzində Azərbaycanın siması tamamilə kökündən dəyişib, iqtisadiyyatımız böyük inkişaf mərhələsi keçib. Neçə ildir ki, ölkəmiz dünyada yüksək inkişaf dinamikası nümayiş etdirir. Bütün bunlar bir yandan Azərbaycan vətəndaşlarının öz dövlətləri ilə qürur hissi keçirmək hisslərini formalaşdırır, digər tərəfdən xalqımızın rifahının, həyat səviyyəsinin və həyat tərzinin əhəmiyyətli dərəcədə dəyişməsi üçün etibarlı zəmin yaradır. Son illərdə insanların yaşayış səviyyəsində əhəmiyyətli nailiyyətlərin əldə edilməsi, Azərbaycanın sosial simasının dəyişməsi, regionların inkişaf etdirilməsi YAP-ın həm də ictimai nüfuzunu müəyyənləşdirən amillərdir. Hər bir Azərbaycan vətəndaşı YAP-ın timsalında ölkənin bugünkü inkişafını təmin edən və gələcək tərəqqisinin əsasında dayanan ictimai gücü görür.
V. Rəhimzadə ölkəmizin son illərdə qazandığı etdiyi iqtisadi nailiyyətlərdən danışaraq bildirdi ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Bu gün hər birimiz Azərbaycanımız naminə, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasətə dəstək olaraq, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yol ilə gedərək, dövlətimizin inkişafı üçün səylərimizi əsirgəməyərək «İlhamla irəli» addımlamalıyıq. Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir. Əminəm ki, partiyamız ötən seçkilərdə olduğu kimi, aprelin 11-də keçiriləcək prezident seçkilərində də qələbə qazanacaq.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev bildirdi ki, ötən 15 ildə Heydər Əliyev siyasətinin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirdi. Hər bir inkişafın iqtisadiyyat üzərində qurulduğunu önə çəkən dövlət başçısı İlham Əliyev yeni mərhələdə özəl sektorun təkmilləşməsini prioritet məsələ kimi müəyyənləşdirdi. Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan davamlı addımlar öz müsbət nəticəsini verir. Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, son 15 ildə iqtisadiyyat 3 dəfədən çox artıb. Azərbaycan dünyanın ən dinamik iqtisadi inkişafa malik ölkəsi kimi tanınıb və nüfuz qazanıb. Yoxsulluq 50 faizdən 5 faizə enib. Bir milyon 900 min yeni iş yeri yaradılıb. Əhalinin real gəliri 2,6 dəfə artıb. Bütün bunlar Heydər Əliyev siyasətinin uğurlarıdır. Ölkəmizin müdafiə qabiliyyəti möhkəmlənib, dövlət büdcəsindən bu sahəyə xeyli məbləğdə vəsait ayrılıb. Dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi xüsusi yer tutur. Cənab İlham Əliyev iqtisadi tərəqqiyə uyğun olaraq əmək haqlarının, pensiyaların artırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Təkcə son aylarda imzalanan Fərman və sərəncamlara diqqət yetirsək, dövlət siyasətinin əsasında «güclü dövlət, yüksək rifah» prinsipinin dayandığını aydın görərik. Dünyada iqtisadi və maliyyə böhranının baş verməsinə və nəticələrinin bu günə qədər davam etməsinə baxmayaraq, dövlət büdcəsindən sosial sahəyə ayrılmalar azalmadı, əksinə bu vəsaitlər daha da artırıldı. Yəni dövlətimizin siyasəti sosialyönümlü, Azərbaycanın inkişafına yönələn siyasətdir ki, bu da öz bəhrəsini verir. İslahatların dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi davamlı uğurlara yol açan əsas amillərdəndir. Bütün bunlar hamısı onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi, sosial islahatlar, onların insanlar tərəfindən qiymətləndirilməsi və bunun sayəsində dövlətimizin başçısının qazandığı yüksək ictimai dəstək və nüfuz onun sədri olduğu YAP-a transfer edilir. Bu gün sıralarında 700 mindən artıq insanı birləşdirən Yeni Azərbaycan Partiyası ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtidar partiyası və ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi özünün cəmiyyətdəki aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.
Görüşdə çıxış edən Binə qəsəbəsinin sakinləri bildirdilər ki, ölkəmizin sürətli inkişafı hər bir Azərbaycan vətəndaşında qürur və iftixar hisslərini formalaşdırır. Eyni zamanda, bu inkişafın hər bir vətəndaşın həyatında dəyişikliklər üçün əsas verməsi inamımızı şərtləndirən amildir. Bu gün inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Çünki cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət birbaşa vətəndaşın sosial rifahına yönəlib. Cənab İlham Əliyevə səs verməklə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, bütövlükdə ölkəmizin inkişafına səs verəcəyik. Çünki Azərbaycanın xoşbəxt gələcəyi Heydər Əliyev siyasəti ilə bağlıdır. Bu siyasətin layiqli davamçısı cənab İlham Əliyev 11 aprel prezident seçkilərində yenidən qələbəsini təmin edərək, Azərbaycanın davamlı inkişafının təminatçısı kimi təkmil islahatları ilə möhtəşəm uğurlarımızın miqyasını daha da genişləndirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB