Sabirabadlıların seçimi İlham Əliyevdir

Sabirabad rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, martın 24-də prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Sabirabad rayonunun Muğan Gəncəli kənd mədəniyyət evində Muğan Gəncəli, Çiçəkli, Salmanlı, Cəngən kənd seçiciləri ilə görüş keçirilib.

Tədbiri Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Sabirabad rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Məleykə Ağayeva açaraq cənab İlham Əliyevin ölkə rəhbəri olduğu 15 ilə yaxın müddətdə ölkəmizdə gedən hərtərəfli inkişaf barədə ətraflı söz açıb. Ölkəmizin balanslaşdırılmış daxili və xarici siyasəti, beynəlxalq nüfuzunun artması, bölgədə aparıcı mövqe tutması, bütün sahələrdə gedən islahatlar, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər və digər vacib məsələlər barədə əsas məqamları iştirakçıların diqqətinə çatdırıb.

M.Ağayeva cənab İlham Əliyevin dünyada yaxşı tanındığını, ölkəmizin hərtərəfli inkişafında onun böyük rolu, diqqət və qayğısını xüsusi vurğulayıb və seçiciləri 11 aprel 2018-ci ildə keçiriləcək seçkilərdə ulu öndər Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Sabirabad rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Böyükağa Həmidov, Afiq Ağayev, Rəna Hacızadə, Nurlana Xəlilova Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu barədə danışıblar. Natiqlər aprelin 11-də keçiriləcək prezident seçkilərində seçiciləri fəallıq göstərməyə çağırıblar. Görüşdə çıxış edən kənd sakinləri artıq seçimlərini etdiklərini və cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar. Tədbirdə 400 nəfərə yaxın seçici iştirak edib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə