Sentyabrın 15-də dərslər açılır? - EKSPERTLƏR AYDINLIQ GƏTİRDİ

“Ali təhsil müəssisələrində tədrisin təşkili artıq kifayət qədər ciddi problemə çevrilib. Çünki orta ümumtəhsil məktəblərində pandemiya dövründə tədrisin təşkili həftədə iki dəfə həyata keçirilsə də, ənənəvi təhsil bərpa edilsə də, ali təhsil müəsisələrində bu ciddi problem olaraq qalıb”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, belə ki, ali təhsil müəssisələrimizdə təhsil alan tələbələrimiz 1 il 6 aydan çoxdur ki, məsafədən dərsdə iştirak edirlər: “Bu da onların zəruri bilik əldə etməsinə ciddi şəkildə təsir göstərib. Xüsusən tibb və mühəndislik ixtisaslarında tələbələrin ciddi şəkildə problem yaşadığının şahidiyik. Digər tərəfdən bölgələrdə internet problemi, eyni zamanda tibb və mühəndislik ixtisaslarının öyrədilməsində müəyyən dərslərin keyfiyyətli olmaması hesab edirəm ki, birmənalı şəkildə tədrisə öz mənfi təsirini göstərir. Bütün bunları nəzərə alaraq biz mütləq şəkildə ənənəvi təhsilə qayıtmalıyıq. Amma burada da müəyyən qədər istisnalar olmalıdır. Ali təhsil müəssisələrində ixtisaslar üzrə əsas fənlərin ənənəvi qaydada keçirilməsi, ikinci dərəcəli fənlərin isə onlayn rejimdə keçirilməsi daha effektiv olar. Orta ümumtəhsil məktəbləri ilə bağlı məsələ isə biraz fərqlidir. Belə ki, bizim orta ümumtəhsil müəssisələrimizdə tədrisin təşkili 2020-ci ilin 15 senytabrında və 2021-ci ilin fevral ayında baş tutub. Biz orta ümumtəhsil məktəblərində tədrisi təşkil etmək vərdişlərinə sahibik. Amma burada müəyyən istisnalar var. İndiyə qədər 10 və 11-ci sinif şagirdləri tədris prosesində ənənəvi qaydada iştirak edə bilmirdilər. Bu da onların ali təhsil müəssisələrinə, eyni zamanda buraxılış imtahanının nəticələrinə təsirini göstərirdi”.

Mövzu ilə bağlı təhsil eksperti İlqar Orucov fikir bildirib: “Ali təhsil müsəsisələrinin açılıb-açılmaması ilə bağlı hələ yekun bir qərar yoxdur. Hazırki dövrdə ölkəmizdəki vəziyyət heç də ürəkaçan deyil. Yoluxma sayı kifayət qədər artıb. Amma bir məsələ də var ki, biz koronavirusla yaşamağı öyrənməliyik. Türkiyədə ali təhsil müəssisələrinin açılması prioritetdədir. Baxmayaraq ki, orada həm insan sayı çoxdur, həm də yoluxma sayı günü-gündən artır. Amma artıq senytabrın əvvəllərində təhsil müəssisələrinin açılması məsələsi gündəmdədir. Düşünürəm ki, ən azı fərqli-fərqli ölkələrin bu istiqamətdə təcrübələri öyrənilməlidir. Biz çox istəyirik ki, bütün təhsil müəssisələri ənənəvi qaydaya qayıtsın. Amma çox təəsüf ki, vəziyyət ölkəmiz üçün yaxşı deyil. Əgər, vəziyyət yaxşıya doğru getsə, təhsil müəssisələrinin açılmasında bir problem olmayacaq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə