“Xarici dil imtahan sistemində strateji və texnoloji yanaşma vacibdir” - Məleykə Abbaszadə
“Buraxılış imtahanlarında xarici dilin daxil edilməsi əvvəl riskli görünürdü, lakin zaman göstərdi ki, bu qərar düzgün idi. Müasir dünyada xarici dil riyaziyyat və oxu bacarığı qədər vacib ‘açar rolunu’ oynayır”.
SİA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, texnologiyanın inkişafı, o cümlədən avtomatik tərcümə sistemləri dil öyrənməni əvəz etmir, əksinə onu daha effektiv istifadə etməyə imkan yaradır.
Məleykə Abbaszadə qeyd edib ki, dil bacarıqları dörd əsas komponentdən ibarətdir: oxuyub-anlama, dinləyib-anlama, yazı və danışıq. Onun sözlərinə görə, kütləvi imtahanlarda xüsusilə danışıq və dinləmə bacarıqlarının obyektiv qiymətləndirilməsi çətinlik yaradır.
O vurğulayıb ki, bu səbəbdən imtahan sistemi mərhələli şəkildə təkmilləşdirilir və gələcəkdə süni intellekt əsaslı həllərin tətbiqi ilə danışıq bacarığının qiymətləndirilməsi daha real hala gələ bilər.
DİM sədri əlavə edib ki, dinləmə ilə bağlı narazılıqlar keçid dövrü üçün təbii haldır: “Bu bacarıq məktəbdə kifayət qədər inkişaf etdirilməyib, lakin imtahanda tələb olunur”.
Onun sözlərinə görə, imtahan sistemi tədricən real həyatda dil istifadəsinə daha uyğun modelə çevrilir və bu dəyişikliklər beynəlxalq standartlara uyğunlaşdırma məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB