"Azərbaycan imtahan sistemi Avropada tətbiq edilən CEFR çərçivəsinə uyğunlaşdırılır" - Məleykə Abbaszadə

“2012-ci ildə bizə buraxılış imtahanlarını, yəni attestasiyanın keçirilməsini təşkil etmək tapşırıldı. Həmin dövrdən etibarən imtahanların modeli və fənlərin seçimi ilə bağlı geniş müzakirələr aparılırdı”.

SİA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, əsas fənlər tədris dili və riyaziyyatdır: “Tədris dilini bilməyən şagird digər fənlərdə də uğur qazana bilməz. Riyaziyyat isə hər bir gənc üçün baza bilikləri formalaşdıran vacib sahədir”.

Məleykə Abbaszadə qeyd edib ki, üçüncü fənnin seçimi ilə bağlı müxtəlif yanaşmalar olsa da, xarici dilin həmin dövrdə bir sıra məktəblərdə problemlərlə tədris edildiyi üçün bu sahədə çətinliklər mövcud idi.

Onun sözlərinə görə, bəzi məktəblərdə xarici dil ya formal tədris olunur, ya da müəllim çatışmazlığı səbəbindən proses dayandırılırdı.

O əlavə edib ki, müasir dövrdə texnoloji vasitələr dil öyrənməni əvəz etmir: “Dil bilmək yalnız ünsiyyət deyil, həm də düşünmə və idrak qabiliyyətini inkişaf etdirən vasitədir”.

DİM sədri bildirib ki, 2016-cı ildən sonra imtahan sisteminin təkmilləşdirilməsi daha sistemli xarakter alıb və məqsəd beynəlxalq standartlara uyğunlaşmaq olub.

Onun sözlərinə görə, Azərbaycan imtahan sistemi Avropada tətbiq edilən CEFR çərçivəsinə uyğunlaşdırılır və bu proses mərhələli şəkildə davam etdirilir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə